Gözəldi (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəldi Müəllif: Aşıq Alı |
Gözəllər səfinə səcdə eylərəm,
Cümlədən birisi necə gözəldi.
İltimas eylərəm rübəndin ata,
Mahi-münəvvərsə, gecə gözəldi.
Boyu sürahidi, özü baxtavar,
Tapmazsan tayını aləmi axtar.
Peymanda yarandı faili-muxtar,
Yaxşını-yamandan seçə, gözəldi.
Viran etmə könlü, savabdı hörsən,
Yarım Alının gözüylə görsən.
And-aman içənə özün deyərsən,
Yanında Züleyxa, bica gözəldi.