Gözəlim
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Nə xırda qədəmlə gedirsən belə,
Geymisən əyninə xara, gözəlim.
Eşq havası yenə düşdü başıma,
Çəkirsən dilimdən dara, gözəlim.

O nazi-qəmzəylə yandırdın bizi,
İnsafın yoxdumu, a zalım qızı.
Gözlər piyalədir, yanaq qırmızı,
Laçınsan, uyma gəl sara, gözəlim.

Gözəllər gözəli tək bircə sənsən,
İşarə eylədim dərdimi bil sən.
Söylə evlisənmi, yoxsa ərgənsən,
Salma məni intizara, gözəlim.

Keçərəm yolunda vallahi candan,
Öldürsən, qorxmaram bir qaşıq qandan.
Bir büsə istərəm o al yanaqdan,
Heç vurma sinəmə yara, gözəlim.

Məmmədhüseyni saldın bulunmaz dərdə,
Qoyma aşiqini belə qəhərdə.
O dərdin dərmanı tapılıb səndə,
Bir eylə dərdimə çara, gözəlim.