Al yaşıl geyinib çıxdı qarşıma,
Yeriyin naz ilə dəstə gözəllər,
Xudam sizi nə xoş gündə yaradıb,
Qurban sizin kimi dosta gözəllər.
Qəvvas olan duz çıxarır dərindən,
Aşiq olan keçər başı-sərindən,
Üçünüzü seçmərəm bir-birizdən,
Qaymaq dodaq, ağız püstə gözəllər.
Sizi mən eylərəm başımın tacı,
Həsrət könlüm gül camalın möhtacı,
Mən sizə qardaşam, siz mənə bacı,
Oldum dərdinizdən xəstə gözəllər.
Yəqin bilin var-yoxumu tökərəm,
Gözəllərin zəhmətini çəkərəm,
İsmim Aşıq Cəfər sizə nökərəm,
Xoş gəldiniz gözüm üstə gözəllər.