Gözdüyər
Müəllif: Vəli Bozalqanlı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

 
Bir insan ki, əsil olsa binadan,
Qəlbə dəyməz, düz xəyalı gözdüyər.
Artırıb zinətin şahənşah olsa,
Bir nəzərdə cəm mahalı gözdüyər.

Bir dostda olmasa ilqar, dəyanət,
Dərdə düşsən heç vaxt etməz əyanət,
Öyünə, malına eylər xəyanət,
Müxənnət dost qumaş, alı gözlüyər.

Qəza-qədər başa salsa qaranı,
Döylətə dost olan etməz çaranı,
Kasatdığa düşsən kəsər aranı,
Tikə dostu dövlət-malı gözdüyər.

Əsl dostun məhəbbəti çox olu,
Özü düz, sözü düz, xəndək ox olu,
Mərd igidin məhəbbəti çox olu,
Dost yolunda qavax-dalı gözdüyər.

Demə Şair Vəli düşüb gümana,
Fəhmin yetiribdi yaxşı-yamana.
Kamil olan qovlu verməz şeytana,
Dərk eləyər, pür kamalı gözdüyər.