Gözlərəm səni (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözlərəm səni
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Gəraylı


Kimsən gedən, boyu bəstə,
Bilincə gözlərəm səni.
Dayanaram yolun üstə,
Gəlincə gözlərəm səni.

Şəbnəm üstə aydın izin,
Mehman mənəm – diyar sizin,
Sürünərəm dizin-dizin,
Yolunca gözlərəm səni!

Gözün şəhla, kiprik oxdu,
Köçən köçür görən yoxdu,
Darıxmaram, səbrim çoxdu,
Ölüncə gözlərəm səni.

Alıyam, həsrət çəkərəm,
Qəm çəkərəm, dərd çəkərəm,
Dəryaya qan-yaş tökərəm,
Dolunca gözlərəm səni!