Gözlər, nə gözlər

Gözlər, nə gözlər
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

O tərlan baxışın qurbanı canım,
Boy çəkib gözlərin gözlər, nə gözlər!
Amaci-sinəmi novki-müjganın
Qoyub nişanəyə gözlər, nə gözlər!

Nə qələtdir düşüb üz arasına,
Onu bilmək olmaz üz, arasına,
Əgər qəvvas isən, üz arasına,
Bir gör axır ondan gözlər, nə gözlər!

Təcəllasan, buyur Sina dağına,
Əğər görsən məni, Sinada, qına,
Qoyma rəqib baxsın sinə dağına,
Yamandır gözləri, gözlər, nə gözlər!

Yeni aydı, amma nə sövdası var,
Nöqsanına bax, gör nə sovdası var,
Heç bilmənəm başda nə sevdası var,
Ağlar-ağlar, deyər gözlər, nə gözlər!

Nəbati kül oldu, yandı Sinada,
Bu alovdan bir od düşsün sana da,
Deyəmməzəm, necə deyim sına da,
De görüm görmüsən, gözlər, nə gözlər!

Əhvəl olma, bir nöqtədir hər ucu,
Bir dövrdə dolanırlar hər üçü,
Nəbatinin sultanıdır hər üçü,
Bu idi mən deyən gözlər, nə gözlər!