Gözlərim yarın qəmindən aхıdar dürdanəyi

Gözlərim yarın qəmindən axıdar dürdanəyi
Müəllif: İmadəddin Nəsimi


Gözlərim yarın qəmindən axıdar dürdanəyi,
Qəmdə yanar daima, gör aşiqi-pərvanəyi.

Canını tərk eylə kim, bu yolda canan bulasan,
Kim ki, can verdi bu yolda, buldu ol cananəyi.

Nəqlini ərz etmə, vaiz, aşiqə hər dəmbədəm,
Aşiqin halını bil, qoy bu uzun əfsanəyi.

Gəl şərabi-xəmri nuş et, içmə hər peymanədən,
Ta əbəd yarın qəmindən içmişəm peymanəyi.

Çünkim aydırsan həqi hər yerdə hazırdır, neçin
Fərq, ey qafil, edərsən məscidü meyxanəyi?

Gəncü mə’mur eyləyən könlümdə yarın vəslidir,
Vəsl ilə mə’muri buldum, neylərəm viranəyi?

Istərəm çünkim bulunmaz saçının hər tarəsi,
Gizləmişdir, qafil olma, zülfi-mişkəfşanəyi.

Zülfünün sevdası irdi aşiqi-divanəyə,
Zülfünə qıldı müqəyyəd aşiqi-divanəyi.

Mə’rifət satır gəlir hər mə’rifətsiz canəvər,
Bibəsərdir, aşina bilmə qo bu biganəyi.

Çün cəmalından Nəsimi əbcədi qıldı tamam,
Oxudu andan götürdü sinü şin dəndanəyi.