Gözlərin (Şair Aydın)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözlərin
Müəllif: Şair Aydın
Mənbə: Qara Namazov. "Aşıqlar" (I kitab) (biblioqrafik məlumat), Bakı, "Səda", 2004. səh. 58.
Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Bir kərpic də saldı uçuq könlümdən,
Hərdən oğrun-oğrun baxan gözlərin.
Nakam məhəbbətim son yarpağını,
Saldı şimşək kimi çaxan gözlərin.

Maral dərədədir, ox atmaq olmaz,
Sərraf bazardadır, zər atmaq olmaz.
Xeyir olan işə şər qatmaq olmaz,
Nə qədər süzülsə axan gözlərin.

Göz var ki, adamın qəlbini sıxar,
Göz də var aşiqin evini yıxar.
Aydınam, çətin ki, yadımdan çıxar,
Canımı odlara yaxan gözlərin.