Gözlərinin giləsinə

Gözlərinin giləsinə
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

İgid olsa elə arxa,
Can sadağa beləsinə.
Çörək verib ala səxa,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Dağlar başı qarlı gərək,
Bağça-bağlar barlı gərək,
İlqar özü varlı gərək,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Göyçə gözəllik oylağı,
Güldür-çiçəkdir yaylağı,
Murğuz, Murov, Kəpəz dağı,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Güzgüsüdü Göyçə gölü,
Tamaşadı bütün eli.
Şəhdi-şəkər şirin dili,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.

Ağ Aşığın odu sönməz,
El-obadan üzü dönməz.
İgidlərin başı enməz,
Can sadağa beləsinə,
Gözlərinin giləsinə.