Gülöyşə
Gülöyşə Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.157 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Səni gördüm, cani-dildən şad oldum,
Həsrət idim bir gülüşə, Gülöyşə.
Ömr elədim qürbət eldə, yad oldum,
İncə belli, əndam şüşə Gülöyşə.
Müşk-ənbərin mərəkəmi bürüdü,
Baxan deyir: ya pəri, ya hürüdü.
Tənha qəlbim qəm evində çürüdü,
İqbalıma qəmlər düşə, Gülöyşə.
Bu fənadı, açılan bir, solan bir,
Mənim kimi eşq oduna qalan bir,
Abü-tabla məclisimi dolan bir,
Mən aşiqəm şux yerişə, Gülöyşə.
Fəraqından öz canıma qəsd oldum,
Camalın şövqündən bihal, məst oldum,
Şükürlər ki, öz elimdə rast oldum,
Şəkər dəhan, sədəf dişə, Gülöyşə.
Avazımla qəlbdən qəmi silərəm,
Vədəm çatsa, diyarında ölərəm.
Erkən yoldu, gedib bir də gələrəm,
Son qoyaram bu gedişə, Gülöyşə.
Sevdim gözəlləri, bu niyyətimdi,
Elə, el oğluna bu biyətimdi.
Qoşdum qoşma, dünya ölüm-itimdi,
Yad edərsən sən həmişə, Gülöyşə.
Bais sənsən sevgimə, sevincimə,
Bir də baxım dürdanəmə, incimə.
Səni tanrı, gəl Alıdan incimə,
Aşıqlarda budu peşə, Gülöyşə.