Gülüşlər
Gülüşlər Müəllif: Mikayıl Müşfiq |
Gülüş vardır səslərinə tuncəkslər yapdırır,
Gülüş vardır könülləri ruzgarlara qapdırır.
Bəzi tikər könüllərdə alovlardan bir məbəd,
İllər boyu atəşinə insanlığı tapdırır.
Bürünərək çoxu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa.
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa.
Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi.
Zəncirləyər uçanları halqalandıqca bəzi
Bəzi sıçaq görüşlərə doğru yollar göstərir.
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan
Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçin qanad verir, can verir.