Gül ilə canavar

Gül ilə canavar
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padişah var idi. Bu padişahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə diyirlər:

– Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik.

Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qovunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməyəyə qoyub ataları üçün yolladılar. Padişah qovunu görüb tez vəziri çağırtdırdı:

– Vəzir bu qovunlar nə olan işdir?

Vəzir dedi:

– Padişah sağ olsun, bu qovunları oğlanların alub, yəni biz bu qovunlar kimi yetişmişik.

Padişah fikrə getdi.

– Eybi yoxdur, vəzir get bu saat üç dənə ox gətir, apar ver oğlanlarıma qoy nişan alsınlar, bəxtlərinə nə çıxdı onların olsun.

Səhər oldu, car çəkildi, heç kim evdən bayıra çıxmasın. Padişahın oğlanları ox atdılar. Birininki vəzirin qapısına düşdü. O birinki vəkilin qapusuna düşdü. Vəzirin qızını padişahın böyük oğlu aldı. Vəkilin ortancılı aldı.

Xəbəri verim sizə, padişahın kiçik oğlundan. Məlik Düçar ox atdı. Oxu gedib düşdü bir qara küllügə. Məlik Düçar onun düşdügü yerə gedib gördü ki, bir meymun qızıl zəncirə bağlanıb. Məlik Düçar meymunu açıb yola düşdü. Padişahə xəbər getdi ki, kiçik oğlunun bəxtinə bir meymun çıxıb. Padişah qəmli oldu. Əmr verdi ki, şəhərin bir qırağında ona əv versinlər. Məlik Düçar meymunu götürüb getdi. Böyük qardaşdar qırx gün, qırx gecə toy edib evləndilər. Məlik Düçar meymunu əvinə aparıb bir tərəfdə bağladı. Gecəgündüz ağlayırdı. Günlərin bir günündə iki qardaş bir-birinə dedi:

– Görəsən, Məlik Düçar meymun ilə nə edir?

İkinci qardaş dedi:

– Gəl, Məlik Düçar üçün xəbər yollayaq ki, atamız bizdən hamam istiyir.

Bir gün Məlik Düçarı çağırtdırıb dedilər:

– Atamız bizdən hamam istiyir.

Məlik Düçar əvə qayıtdı, ağlaya-ağlaya meymunun yanına gəldi. Bu meymun pərilər padişahının qızı idi. Meymun Məlik Düçarın bu halın görüb dedi:

– Mən pərilər padişahının qızıyam. Mən sənin bəxtinə çıxdım.

Məlik Düçarın gözləri işıqlandı. Meymun cilitdən çıxıb bir qız oldu.

Məlik Düçar dedi:

– Atamız bizdən bir hamam istəyir.

Pərilər qızı dedi:

– Durma, gedərsən pərilər padişahının yanına, diyərsən ki, qızı pərilər xanım deyir ki, atamdan qalan qarpuzu versin. Sora o qarpuzu götürərsən. Gün batanda yox, gün çıxan tərəfdə qarpuzı yerə vurarsan, qayıdıb dala baxmıyasan.

Məlik Düçar getdi. Ağacı yerə vurub pərilər xanımın atasından qalan qarpuzi istədi. Bir əl çıxdı, Məlik Düçara qarpuzı uzatdı: Qarpuzu alıb gün çıxan tərəfə gəldi. Qarpuzu yerə çırpıb dala baxmadan geri döndü.

Padişah səhər yuxudan durub bağa çıxdı. Bir sağa baxdı nə gördü bir hamam tikilib. Sola baxdı, nə gördü, biri də burda tikilib. Gün padişahın gözinə düşdi. Əmma gün çıxanda bir hamam tikilib ki, adamın ağlını alır. Padişah vəziri hizüra çağırdıb dedi:

– Vəzir, bu gün gərək oğlanlarımın tikdirdigi hamamlara tamaşa edim.

Vəzir, vəkil yığışıb padişahın yanına düşüb getdilər. Padişah böyük oğlun, sora ortancılısının hamamına gedib, axırıncısı Məlik Düçar tikdirdigi hamama gəldi. Padişah hamamın qapusuna çata-çatmiya qullar-qarabaşlar padişahı əl üstə götürüb təxtə oturdular. Padişah çimdi. Əmma bu hamam padişahın huşini aparmışdı. Belə bir imarət xəbəri qardaşlara çatdı. “Vay dad, Məlik Düçar bizi apardı. Atamız bizim tikdirdigimiz hamamı bəgənmədi”.

Ortancıl qardaş dedi:

– Gəl, bu dəfə Məlik Düçarı qonaq çağıraq. Belə diyək, guya atamız deyir ki, gərək Düçar adaxlısını da gətirsin. Onun da adaxlısı meymun olduğu üçün gəlib pərt qalacaq.

Qardaşlar xəbər yolladılar Məlik Düçar üçün. Məlik Düçar pərilər xanımın yanına gəlib dedi:

– İmdi atam səni qonaq çağırır, mən sənin üçün neçə edim?

Pərilər xanımı dedi:

– Al bu ağacı, get həmən küllügə, ağacı vur yerə, digilən ki, pərilər padişahının qızı, pərilər xanım deyir ki, atamdan qalan qızıl sandığı versin, ancaq dala baxmazsan.

Məlik Düçar yol elədi küllügə. Çatdı, ağacı yerə vurub dedi:

– Pərilər padişahının qızı pərilər xanımı deyir ki, atamdan qalan qızıl sandığı versin.

Məlik Düçar sandığı alıb gətirdi. Qız geyinib-kecinib Məlik Düçara dedi:

– İmdi gedək, al bu cildi bağla kürəkmin ortasına. Vay onda ki, qardaşların cilidimi yandıralar. Onda məni dayi görməzsən.

Qardaşlar böyük qonaqlıq etmişdilər. Öz atalarını da çağırmışdılar. Məlik Düçar öz adaxlısı ilə məclisə girdilər, padişah vəzirə dedi:

– Vəzir, bu nə olan işdir? Bunun bəxtinə ki, bir meymun çıxmışdı.

Hamu oturdu, məclisin gözi Pərilər xanımında idi. Pərilər xanımı bir pilov nimçədən götürüb qolunun içinə tökür, yarısın yeyir. Baldızdar bunu görüb, bular da dügünü qollarına tökürlər. Xörək yeyildi, süfrə yığışdı. Böyük baldız durdu oynadı qolların tərpədəndə dügü səpələndi padişahın saqqalına. Sora Pərilər xanımı durdu oynadı, hər dəfə fırlananda yerə mirvari səpələndi. Padişah əl vurdu. Xəbəri verim sizə qardaşlardan. Bu dəm bir manqal od qalayıb Məlik Düçarı oynatmaq bəhanəsilə dərini belindən açıb oda atdılar.

Pərilər qızı vay diyib bir göyərçin oldu getdi. Gəldi bir ağac başında oturub dedi:

– Məlik Düçar, mən getdim. Dəmir hasavın ucu yeyiləndə, dəmir sarığının altı sürtüləndə məni taparsan.

Padişahın əhvalı pozuldu. Məlik Düçar o günü ağladı. Şəhəri durub dəmir çarıq giyib dəmir hasa götürdü, yola düşdü. Yol ağzında iki dev oturmuşdi. Buların atalarından bir xalça, bir papaq qalmışdı. Məlik Düçar devlərə yaxın gəlib bunların nə üstə sözdəşmələrin sordu. Divlərin birisi dedi:

– Ay insan qardaş, bizim atamızdan bir xalça qalmışdır, hər kəs onun üstə oturub deyir ki, Süleyman peyğəmbərin eşqinə, apar məni qoy filan yerdə, aparır. Bir də bu papaxdı ki, bunu da kim qoysa başına, heç kim onu görməz. Sən gəl bunu bizim aramızda böl.

Məlik Düçar dedi:

– Mən bölləm, siz bir az kənar durun, gözlərüvüzi yumun, mən bir az fikirləşim.

Divlər bir tərəfə çəkildi. Məlik Düçar xalçaya minib papağı başına qoydu:

– Süleyman peyğəmbərin eşqinə, məni apar Pərilər vilayətinə. Divlər bunu görüb, başlarına döyüb “vay insan qardaş bizi aldatdı” dedilər. Bular burda bir-birlərini dögməkdə olsun, sizə xəbər verim Məlik Düçardan.

Məlik Düçar həmən yerə çatdı. Şəhəri dolandı, əmma bir şey tapmadı. Günlərin bir günündə Məlik Düçar bir bağa girdi. Bir də gördü ki, üç göyərçin bir havuz qırağına gəlib oturdu. Cilidlərin çıxarıb çimməyə məşğul idilər. Məlik Düçar Pərilər xanımı görüb tanıdı. Tez öz adaxlısının cilidini oğurladı. Üç bacı çimdilər çıxdılar. Pərilər xanımı: “vay, mənim cilidimi oğurladılar” – dedi.

Bacılar nə qədər gəzdilər, tapmadılar. Məlik Düçar cilidi oraya atıb buların dalınca düşüb əvlərinə getdi. Neçə gün Məlik Düçar Pərilər xanımın evində qaldı. Günlərin bir günündə Pərilər xanımı anasına dedi:

– Xörəydən heç doymuram?

Anası dedi:

– Qızım, hələ əvvəlki qədər çəkirik, nə azdı, nə çox, qaydəsiylə . Bir gün Pərilər xanımı gənə taam yeyirdi. Bu doymadı, birdən qayıdıb dedi:

– Ey gözə görünməyən insan kimi sənə and verirəm dünyadə kimi səvirsən çıq aşkara.

Məlik Düçar şepkülahi başınan götürüb dedi:

– Elə mən özüməm.

– Vay dad sən bura necə gəldin?

Pərilər xanımı anasını çağırtdırıb bütün əhvalatı danışdı, dedi:

– Atama deginən, Məlik Düçar gəlib.

Anası Pərilər xanımın atasının yanına getdi, onu and verdi ki, acıqlanmasın, qızın adaxlısı Məlik Düçar gəlib qızı aparmağa. Padişah fikirə getdi. Əmma bəni-insanə qız vermək istəmirdi. Məlik Düçarı öldürmək istiyirdi. Arvadı dedi:

– Əgər, o mənim üçün Gül ilə Sanavarın hekayəsin tapsa, mən ona qızı verrəm, tapıb gətirməsə, yox.

Anası qızının yanına gəldi. Atasının istədigi Gül ilə Sanavar nağılın Məlik Düçar gərək gətirsin.

Bu xəbəri Məlik Düçara qız yetirdi. Məlik Düçar şəpkülanı başına basıb xalçaya minib yola düşdü. Xalça Məlik Düçarı gülün damının üstünə qoydu.

Məlik Düçar aşağı endi. Sanavar bunu görüb dedi:

– Heyif sənnən, oğlan, bura gəldin. Mənim sirrimi heç kəs apara bilməyib. Bir çox cavanların başın kəsmişəm.

Məlik Düçar dedi:

– Sən mənə öz hikayəni nağıl elə. Sora öldürməlisən öldür məni.

Sanavar Məlik Düçarı evə gətirdi. Məlik Düçar gördü bir tərəfdə bir qızıl zəncirə it bağlanıb. O biri tərəfdə bir ceyran, araya iki nimçə aş gəldi. Sanavar aşı itin qabağına qoydu, sora itin artığını ceyranın qabağına qoydu. Ceyran yemədi. Əl çaldı bir qızıl nimçədə bir qul başı oraya gəldi. Sanavar çubuğu əlinə aldı, o qədər bunun dodaxlarına vırdı ki, ceyranın gözinən yaş damdı. Ceyran aşı yedi.

Məlik Düçar dedi:

– Bundan məni qəni et.

Sanavar sözə başdadı:

– Biz ikimiz əmi qızı, əmi oğlu idik. Günlərin bir günündə biz evləndik. Bir günləri yatmışdım, qulluxçularım mənim başımın üstə oturmuşdu. Bular özlüklərində bir-birinə deyirdilər. Heyif ağamızdan burda tək yatıb. Xanım isə qullar ilə eş-eşrətə məşğuldur. Əmim qızı qulluxçuları qovdu. Bir üzümə baxdı. Mən gözlərimi yumdum, sora qılıncı üç dəfə üstümə çəkdi, mən ayılmadım. Təxtinnən uzaqlaşdı, aşağı endi. Mən də durub bunun dalıncan düşdüm. Atımı minib yol elədi. Mən də təzədən bir at çıxarıb mindim, bunun dalıncan yol elədim. Əmimin qızı bir qalanın qabağında düşdü, içəri girdi. Həmən bu qul ki, başını kəsib saxlamışam, orada oturmuşdu. Mənim xanımımı görüb əyağa qalxdı:

– Ey süxtə! Bu vaqta qədər haradasan? Hamı kefin çəkib.

Əmim qızı bunun əyağına düşdü. Mən səbir eliyə bilmədim. Bayra çıxıb atları açıb bir-birinə qatdım. Atdar kişnədi, bu səsə hamı bayra çıxdı. Mən özümü içəri atdım, bu qulu bərzəngini öldürmək istədim. Əmim qızı içəri girdi, mənə bir sillə çəkdi. Vəfalı itim içəri girdi. Bərzənginin üstə atılıb xayasınnan dutdu. Mən qılıncı qaldırıb başını kəsdim. Evə qayıtdım. Mənim əmim qızı mənə bir çubux çəkdi, məni elədi bir eşşək. Düşdüm şəhəri gəzməgə. Bir qəssab məni dutub, evinə apardı. Qəssabın bir qızı varıdı. O tilisimçi idi. Məni görən kimi atasına dedi:

– Bu ki, insandı.

Mənə bir çubux çəkdi, adam elədi. Əlimə bir çubuq verib “get” dedi:

– Həmən adamın yanına çatsan, onnan qabaq sən bu çubuqla onı vur. Mən də evə qayıtdım, əmim qızı qabağıma çıxdı. Mən bir çubux ona vurdum. Ürəgimdən gəlmədi, ceyran eliyib bir tərəfə bağlamışam. Hər gün itin artığını onun qabağına qoyuram yemir. Mən də bu başa iyirmi-otuz çubux çəkirəm, o ağlayır. Sora itin artığını yeyir. İmdi isə dəstəmazı al, başını kəsəm.

Məlik Düçar bir az fikir edib dedi:

– Mən bir söz demirəm, ancaq mənə beş dəqiqə möhlət ver ki, bayra çıxım.

Məlik Düçar bayıra çıxdı. Şəpkülanı başına qoyub palaza minib, Süleyman peyğəmbərin eşqinə pərilər vilayətinə çatdı. Sanavar bayra çıxdı, Məlik Düçarı gördü dedi:

– Vay! Mən bu sirri neçə ildir saxlamışam, indi faş oldu.

Sanavar belinnən qılıncı çəkib ceyranı öldürdü. Məlik Düçar taxtına çatdı, bütün gördügünü padişaha nəqil elədi. Padişah qızı Məlik Düçara verdi. Məlik Düçar Pərilər xanımını atasının vilayətinə gətirib, qırx gün, qırx gecə təzədən toy etdi.