Oxu bu naməni, sən də bil, dadaş,
Nədəndi üzümə gülüfdü Güllü?
Gizlincə yanırdım bu can içində,
Aşkarca dərdimi bilifdi Güllü.
Sallana-sallana gəlir bağınan,
Sinəmi dağlayıb çarpaz dağınan.
Ah-zarın çəkirəm qəm-fərağınan,
Mən düşən sevdaya dalıfdı Güllü.
Mən sevmişəm gözəllərin şahını,
Xüdam əfv eyləsin göz günahını.
Tuşlayıb sinəmə müjgan oxunu,
Qəhrinən, qəzəbnən çalıfdı Güllü.
Mən Nəbiyəm, eşidəsən ünümü,
Özün görüb sən biləsən günümü.
Müxtəsər, nə deyim, şirin canımı,
Cəlladsız, fərmansız alıfdı Güllü.