Güllər
Güllər Müəllif: Aşıq Musa |
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013. |
Başına döndüyüm, ay mələkzada,
Gözəllər içində növrəstə Güllər.
Eşqin şərabından oldum fəramuş,
Rəhm eylə mən yazıq sərməstə, Güllər!
Pərvanəyəm, eşq ataşın məndədi,
Məhşərədək yanar, keçməz, candadı.
Gözəllikdə neçə nişan səndədi,
Boyundu qüdrətdən bir bəstə, Güllər.
Gözüm açdım, mail oldum bir gülə,
Bir bülbülü həmrah gördüm bir gülə.
Dərd qoymadı yazıq Musa bir gülə,
Nə sağ demək olmaz, nə xəstə Güllər.