Gülməlidir!
Gülməlidir! (30.03.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Düşüb ağlar günə, arsızca gülən gülməlidir!
Özünü, təlxək ikən dahi bilən gülməlidir!
Əzib acizləri, fəxr ilə durub lovğalanan,
Qoluzorlu qabağında əzilən gülməlidir!
Dildə can qurban edən yurduna, həm millətinə,
İşə gəldikdə durub tez əkilən gülməlidir!
Zil qaranlıq kimi xalqın başına əngəl olan,
Gün doğanda aralıqdan çəkilən gülməlidir!
Beləsi ad qoya bilməz elimin tarixinə;
Filanın oğlu, filan nəsli filan gülməlidir!
Mərd oğullar alacaq əllərinə kəlbətini –
Dişini çəksən əgər, əfi ilan gülməlidir!
Babalardan bizə, Teymur, bir əmanətdi Vətən;
Ciddi bax bircə budur, yerdə qalan gülməlidir...