Güloğlan (nağıl)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Güloğlan
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri var idi, biri yox idi, iki qardaş var idi. Bu qardaşların biri dövlətli, biri kasıb idi. Dövlətli qardaş sonsuz idi. Kasıb qardaşın Güloğlan adlı bir yaxşı oğlu var idi. Dövlətli qardaş kasıb qardaşın oğlu olduğuna paxıllıq eləyirdi. Bir gün dövlətli qardaş uzaq bir yerə qoyun satmağa gedirdi. Dövlətli qardaş kasıb qardaşına dedi: – Qardaş, gəl oğlunu qoy mənimlə getsin, qoyuna kömək eləsin. Gələndə əvəzində sənə pul verərəm. Kasıbsan, dolanarsan. Kasıb qardaş dövlətli qardaşın ürəyindəkini bilmirdi deyin, razı oldu. Dövlətli qardaş Güloğlanla qoyunları qabağına qatıb, yola düşdü.

Yolda dövlətli qardaş Güloğlanı gecənin birində yatdığı yerdə qoyub, çıxdı getdi. Elə ki evlərinə yetişdi, kasıb qardaş onun yanına gəlib dedi: – Ay qardaş, bəs Güloğlan niyə gəlmədi? Dövlətli qardaş dedi: – Qardaş, yolda canavarlar bizim üstümüzə töküldü. Mən qaçdım, yaxamı qurtardım. Güloğlanı yedilər. Kasıb qardaş bundan ağladı. Bikef, məyus qayıtdı evinə. Bunlar burda qalsınlar, sənə kimdən xəbər verim, Güloğlandan. Güloğlan gecənin birində yuxudan oyandı, gördü əmisi yoxdu. Bildi ki, əmisi paxıllıqla onu burda qoyub gedibdi. Güloğlan bir gün, bir gecə yol getdi, gəldi bir şəhərə çatdı. Şəhərdə bir qocaya qonaq oldu. Qoca Güloğlanı qərib görüb, ona bacardığı qədər hörmət elədi. Evində olanı azdan-çoxdan onun qabağına qoydu. Güloğlan yedi, yatdı, sabahısı elə yuxudan təzəcə qalxmışdı ki, birdən şəhərə səs-küy düşdü. Güloğlan dedi: – Ay baba, bu nə səs-küydü? Qoca dedi: – Oğul, dağda bir əjdaha peyda olub, hər nə verirlər, qəbul eləmir, padşahın qızını istəyir. Deyir ki, ya padşahın qızını mənə verin, ya da şəhəri alt-üst eləyəcəyəm. Padşah da deyib ki, bir qızdan ötrü şəhəri dağıtdırmaq olmaz, əlac yoxdu, gərək qızı əjdahaya verəm. İndi bu gün padşahın qızını əjdahaya aparırlar. Bu səs-küy onun üçündü. Güloğlan dedi: – Baba, izn ver, mən də gedim görüm, o əjdaha necə əjdahadı. Qoca dedi: – Oğul, sözünü sındırmıram, get, ancaq əjdahaya yaxın durma, səni də kamına çəkər. Güloğlan yaxşı, deyib, evdən çıxdı. Camaat əjdahaya tamaşa etmək üçün dəstə-dəstə gedirdilər. Şahzadələr, vəzirlər, vəkillər, qullar, qarabaşlar da padşahın qızını gözü yaşlı, əlləri qoynunda, əjdahaya aparırdılar. Güloğlan bir tərəfdən gəlib, özünü dağa yetirdi. Dağın ətəyində bir daşın üstündə oturdu. Güloğlan oturan yerdə heç kəs yox idi. Camaat o biri tərəfdən, dağa, əjdahanın yanına tərəf gedirdilər. Güloğlan daşın üstündə oturub fikrə getmişdi. Əllərini başına qoyub dayanmışdı. Bir azdan bir quş uçub oraya gəldi. Quş Güloğlanın oturduğu daşdan bir az aralı bir kola qondu, birdən-birə adam kimi dil açıb dedi: – Ay Güloğlan, yatıbsan oyan, oyanıbsan eşit. O sən oturan daşın altında bir yay-ox var. Daşı qaldır, o yay oxu götür, dağın başına get. Əjdahanı o yay-oxdan savayı heç nə öldürməz. Yay-oxla vur əjdahanı öldür, padşahın qızını qurtar. Quş bunu deyib, uçub getdi. Güloğlan sevinmiş yerindən qalxdı, daşı qaldırdı. Gördü doğrudan da daşın altında bir yay-ox var. Güloğlan yay-oxu götürüb, dağa dırmaşdı. Gəlib o zaman yetişdi ki, adamlar padşah qızını gətirib əjdahaya vermək istəyirlər. Əjdaha padşah qızını udmaq istəyəndə Güloğlan çıxarıb yay-oxu çəkdi, əjdahanın kəlləsindən bir ox vurdu. Əjdaha nərilti, gurultu ilə yıxılıb öldü. Padşah qızı şadlığından özünü Güloğlanın üstünə atmaq istəyəndə, Güloğlan hələlik bu sirr açılmasın deyə qızdan aralandı. Yeyin-yeyin enib qocanın evinə yetişdi. Yay-oxu da bir yanda gizlədib oturdu. O tərəfdən padşah qızı dağda nə qədər hərləndisə, Güloğlanı tapa bilmədi. Sevinmiş yüyürə-yüyürə evlərinə gəldi. Əhvalatı ata-anasına nağıl elədi. Padşah hökm elədi, şəhərə car çəkdirdi, əjdahanı öldürüb qızını qurtaran oğlanı axtardı. Adamlar Güloğlanı nə qədər axtardılarsa, tapa bilmədilər. Qayıdıb padşaha xəbər apardılar ki, tapa bilmədik. Güloğlan evə gələndə qoca kişi evdə deyildi. O da səsə-küyə şəhərə çıxmışdı. Qoca bir də töyşümüş evə gəldi, gördü Güloğlan evdədi. Güloğlan üzünü qocaya tutub dedi: – Ay baba, nə gördün, nə eşitdin? Qoca dedi: – Ay oğul, nə görəcəyəm? Eşitdim ki, dağda bir oğlan çıxıb yayoxla vurub əjdahanı öldürüb, padşah qızını qurtarıbdı. Oğlanın baxtı açılıb, padşah indi şəhərdə car çəkdirib onu gəzir ki, böyük xələt versin, hörmət eləsin. Padşah qızı da əjdahanı öldürən oğlanı çox bəyənibdi. Onun igidliyini dilində əzbər eləyibdi. Ancaq hardadırsa, oğlan tapılmır. Güloğlan bir söz demədi. Bundan bir xeyli keçdi. Gecələrin birində padşahın vəziri küçə ilə gedirdi. Birdən bir gözəl qız gördü. Qız əl eləyib vəziri çağırdı, özü isə yoluna davam eləyib getməyə başladı. Vəzir bu sirri bilmək üçün qızın dalınca getdi. Qız getdi, vəzir getdi, o qədər getdilər ki, axırda şəhərdən çıxdılar. Bir xeyli getdilər, meşənin kənarında bir hündür qayaya rast gəldilər. Qız qayanın bir tərəfindən keçdi, yuxarı çıxdı. Vəzir də onun dalınca getdi. Bir qalaçaya yetişdilər. Qız qalaçanın içinə girdi. Qalaçanın qapısı bağlandı. Bir az keçdi, içəridən bir qoca sehrkar qarı çıxdı. Qarı oxudu, üfürdü, vəziri bir daş elədi. Sonra dönüb qalaçaya girdi. Bunlar burda qalsınlar, sizə vəzirin oğlanlarından xəbər verim. Vəzirin oğlanları gözlədilər, gecədən xeyli keçdi, ataları gəlmədi, axırda atlanıb şəhərə çıxdılar, atalarını gəzməyə başladılar. Şəhərdə atalarını tapa bilmədilər. Şəhərdən çıxdılar, o qədər getdilər ki, axırda qayadakı qalaçaya yetişdilər. Düşüb qalaçaya girmək istəyəndə qalaçanın qapısı açıldı, sehrkar qarı eşiyə çıxdı, oxudu, üfürdü, vəzirin oğlanlarını da daş elədi. Bu tərəfdən xəbər tutdular ki, vəzir oğlanları ilə itibdi. Hər yana ün saldılar, çar çəkdilər, ancaq onlardan bir xəbər çıxmadı ki, çıxmadı. Bunlar da burda qalsınlar, sizə padşahdan xəbər verim. Günlərin bir günü bir xoş saatda padşah atlanıb maral ovuna çıxmışdı. Başının atlıları ilə çox gəzdi, axtardı, axırda bir gözəl maral tapdı. Maralı tutmaq üçün başının atlıları ilə onun dalınca düşdü. Maral qaçdı, onlar qovdular. Axırda padşahın başının atlılarının atları yoruldu, gerilədilər. Şah maraldan aralanmadı. Maralı dağdan-daşdan uçura-uçura qovurdu. Maral axırda qaça-qaça gəldi haman vəzir oğlanları ilə daş olan qalaçaya yetişdi. Maral qalaçaya tərəf gələndə qalaçanın qapısı açıldı. Maral içəri girdi, qapı örtüldü. Bir az keçdi, qapı açıldı, içəridən qarı çıxdı. Oxudu, üfürdü, padşahı da daş elədi. Padşahın başının atlıları geri qayıdıb, padşahın oğlanlarına xəbər verdilər ki, ataları bir maral dalınca düşüb getdi, geri qayıtmadı. Padşahın oğlanları atlanıb çıxdılar. Dağları, daşları, hər yeri gəzdilər. Atalarından bir əsər tapa bilmədilər. Axırda atlarını sürüb qalaçaya gəldilər. Qalaçanın qapısını açıb içəri girmək istədilər. Birdən qalaçanın qapısı açıldı. İçəridən sehrkar qarı çıxdı. Oxudu, üfürdü, padşahın oğlanlarını başının atlıları ilə daş elədi. Bunlar burda qalsınlar, sizə Güloğlandan xəbər verim. Güloğlan qoca kişinin evində olurdu. Gündüzlər şəhərə çıxır gəzir, axşamlar evə gəlirdi. Bir gün yenə şəhərə çıxmışdı. Gördü şəhərdə danışırlar ki, padşah, vəziri, vəkili, oğlanları ilə bərabər itiblər. Neçə vaxtdır ki, tapılmırlar. Camaat padşah tapılana qədər onun yerinə qızını taxta çıxardıbdır. Qız da taxtda qərar tuta bilmir. Bir yandan atasının, qardaşlarının itməyi, bir yandan da onu əjdahanın ağzından qurtaran oğlanın tapılmamağı qızı rahat qoymur. Qız padşahlığı aparmaq istəmir, ancaq camaat razı olmur. Hələlik taxtda oturur. Güloğlan şəhəri dolanıb axşam evə qayıtdı. Qoca kişi də evdə idi. Xörək gətirildi, yedilər, içdilər, söhbətə başladılar. Söhbət arasında Güloğlan dedi: – Ay baba, bilmirsənmi padşah, vəzir, vəkil, oğlanları ilə harda itiblər? Hayana gedib, qayıtmayıblar, başlarına nə gəlib, nə olubdu? Qoca kişi dedi: – Bilmirəm, şəhərdə danışırlar ki, vəzir gecənin birində yox olub. Evdən çıxıb bir də geri dönməyib, oğlanları da vəziri axtarmağa gedəndə itiblər. Padşah da bir maralın dalına düşüb, gecə-gündüz qovlayıb-qovlayıb, bütün atlılar yorulub qalıblar, o isə maraldan əl çəkməyib. İndi haraya gedib, heç kim bilmir. O da maralın bəlasına rast gəlib. Padşahın oğlanları da atalarının dalınca gedib, qayıtmayıblar. Şəhərin ətrafı dağdı, meşədi, əjdaha var, hərami var, yırtıcı heyvanlar var, sehrkarlar var. Kim bilir, hansına rast gəldilər, tələf oldular, getdilər. Güloğlanla qoca gələcəkdən, keçmişdən söhbət elədilər, gecədən xeyli keçmiş yatdılar. Elə ki sabah açıldı, Güloğlan sıçrayıb yerindən qalxdı, yay-oxunu götürdü, çiyninə keçirtdi. Bir az çörək də götürəndə qoca dedi: – Ay oğul, haraya belə səfərin var? Sən qonaq olsan da indi qonaqlıqdan çıxıb mənim oğlum olubsan, sənə elə isinişmişəm ki, bir gün gözümdən uzaq olmağını istəmirəm. Güloğlan dedi: – Ay baba, çox sağ ol. Mənə çox yaxşılıq, hörmət eləyibsən, mən onu itirmərəm. Əlbət, olar ki, onların altından çıxaram. İndi mən, sən gecə söylədiyin dağları, daşları, meşələri gəzməyə çıxıram. Görüm bu yerin dağlarında, daşlarında nə var, nə yox. Nə sirr var ki, gedən geri qayıtmır. – Qoca dedi: – Ay oğul, mən sənə dedim ki, bu dağlarda, daşlarda həramilər, yırtıcılar var. Gəl sən getmə, tələf olarsan. Güloğlan dedi: – Baba, qorxma. Sağlıq olsa, mənə heç nə olmaz, yenə qayıdıb gələrəm. Qoca ha elədi, Güloğlan dayanmadı, üzünü dağlara çevirib getdi. Güloğlan üç gün, üç gecə dağları, daşları, meşələri gəzdi, dolandı, axırda həmən padşah, vəzir, oğlanları daş olan qalaçaya yetişdi. Güloğlan qalaçanın çöl tərəfində oturdu. Yorulmuşdu, həm də fikir-xəyala cummuşdu. Güloğlan fikir xəyalda ikən oturduğu yerdə onu yuxu apardı. Güloğlan gözü yuxuda, könlü isə oyaq olan zaman yenə həmən quş uçub gəldi, ona yaxın bir budağa qondu, dedi: – Ay Güloğlan, yatıbsan oyan, oyanıbsan eşit! Bu qalaçada bir sehrkar qarı var. Sehrlə hər dona girə bilir. Sehrkar qarı bir gözəl qız sifətinə düşüb, vəziri gətirib qalaçanın qapısında daş eləyib. Oğlanları da dalınca gələndə onları da daşa döndərib. Bir gün də maral cildinə girib, padşahı dalınca gətirib, burada onu da daş eləyib, sonra da oğlanlarını, başının atlıları ilə daşa döndərib. İndi o sehrkar qarı qalaçadadı. Yaxşı eşit mənim dediklərimi! Qalxıb gedərsən qalaçanın qapısını itələrsən, açılar, içəridən sehrkar qarı çıxar. Onda sən deyərsən: – Süleyman eşqinə sehrkar qarının sehri batil olsun! Onda sehrkar qarı nə qədər sehr oxuyub, səni də daş eləmək istəsə, eləyə bilməz. Sehri batil olar. O zaman sən yay-oxu çəkib onun sinəsindən vurarsan. Sehrkar qarı ölər, sehri pozular, qalaçası dağılar. Daş olmuşlar da dönüb adam olarlar. Quş bunu deyib, uçub getdi. Güloğlan quşun dediklərini bütüm eşitdi. Yerindən qalxdı, qalaçanın yanına gəldi. İtələdi, qalaçanın qapısı açıldı. İçəridən sehrkar qarı çıxdı. Qarı çıxanda Güloğlan dedi: – Süleyman eşqinə qarının sehri batil olsun! Qarının sehri batil oldu. Qarı nə qədər istədi ki, sehr oxuyub Güloğlanı daş eləsin, sehri baş tutmadı. Güloğlan qarıya aman vermədi. Yay-oxu çəkdi, sehrkar qarının sinəsindən bir ox vurdu. Sehrkar qarı yıxılıb öldü. Sehr pozuldu, qalaça dağıldı. Daş olanlar dönüb adam oldular. Padşah, oğlanları, vəzir, oğlanları başının adamları ilə Güloğlanın yanına gəldilər. Onu aralığa alıb, başına dolandılar. Padşah Güloğlana çox hörmət elədi. Sehri necə batil etdiyini ondan soruşdu. Güloğlan sehrkar qarını öldürüb, sehri batil elədiyini, onları qurtardığını söylədi. Onlar hamısı şadlıqla şəhərə qayıdıb gəldilər. Şəhər əhli bunların gəldiyini eşidib görüşə toplandılar... Padşah qızı da oraya gəldi. Qız Güloğlanı görən kimi tanıdı, ancaq hələlik danışmadı, işin axırını gözlədi. Padşah üzünü camaata tutub, başlarına gələnləri başdan-ayağa nağıl elədi. Güloğlanın onları necə qurtardığını, onun igidliyini bir-bir söylədi. Camaat Güloğlanın igidliyinə, qoçaqlığına mat qaldı. Bu zaman padşah qızı dedi: – Ay ata, sizi sehrdən qurtaran Güloğlan o oğlandı ki, məni də əjdahanın çəngindən qurtarıb. O vaxtdan bəri mən də bunu axtarırdım, indi burda tapdım. Güloğlan əhvalatı bir də camaata danışdı. Bundan hamı çox şad oldu. Güloğlanı evində saxlayan qoca hamıdan çox sevindi. Padşah, Güloğlanın rəyini biləndən sonra yaxşı toy eləyib, qızını Güloğlana verdi. Güloğlan bir müddət burda qaldı. Bir gün öz yerlərinə getmək üçün padşahdan izn aldı. Padşahla, vəzir-vəkillə, evində olduğu qoca ilə görüşüb padşahın qızını da götürüb yola düşdü. Gecəgündüz yol gedib, gəldi öz yerlərinə yetişdi. Güloğlanın atası oğlunun gəlməyindən xəbər tutub, şad oldu. Oğluyla görüşdü. Başına gələnləri ondan xəbər aldı. Güloğlan başına gələnləri əvvəldən axıra kimi atasına nağıl elədi. Atasının öz qardaşının onun oğluna xəyanət elədiyinə çox acığı tutdu. Onda bu hayıfın qalmamağı üçün oğluna dedi: – Oğul, gərək hayıfını paxıl əmindən alasan. Güloğlan getdi, yay-oxu çəkdi, paxıl əmisini öldürdü. Güloğlan özü ilə böyük var-dövlət gətirmişdi. Evlərinə dolanacaq düzəltdilər, gün gördülər, ömür sürdülər, öldülər, yerə keçdilər. Nağıl da onlardan yadigar qaldı.