Gümrünün
Müəllif: Aşıq Tüccar
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014.

Karvan gələr, karvan gedər,
Nə çoxdu alı Gümrünün.
Tükənməz malı-sərvəti,
Dövləti-malı Gümrünün.
Görənləri heyran edir,
Cahı-calalı Gümrünün.
Tacirinin, tüccarının,
Xocasının hesabı düz,
Alış-verişi yerində
Yaxşıdı halı Gümrünün.

Ərdahana, Qağızmana,
Qarsa, Boluya yol işlər
Bura elə ucuzluqdur,
Qızıldı qara quruşlar,
Dörd tərəfi bağ-bağatdı,
Dağlarında ötür quşlar,
Ağaları səxalıdır,
Kasıb-kusubu bağışlar,
Dədələri ad alıbdı,
Həm əhli-halı Gümrünün.

Aşıq Tüccar, sözünü de,
Ürəyində qoy qalmasın.
Elə bir gün, olarmı ki,
Bir məhlədə toy olmasın
Məclis məclis sayılarmı,
Orda haqqı-say olmasın;
Yığnaqda, xeyir işlərdə
Gərək ağlı zay olmasın,
Nizami yerli-yerində,
Yox qeylü-qalı Gümrünün