Gün və külək
Gün və külək Müəllif: Abbas Səhhət |
Bir zaman oldu belə bir qovğa,
Külək ilə gün etdilər dava.
Dedi əvvəl külək: – Edək bir fən,
Mən görək güclüyəm və ya kim sən?
Gün dedi: – Bax budur, bu dağda çoban,
Gücünü hər nə varsa, eylə əyan;
Hansımız açdırar onun yaxasın,
Bacarıb da çıxartdırar çuxasın,
Deyərik kim, onun gücü çoxdur,
Ona dünya üzündə tay yoxdur.
Külək ol dəmdə bərk əsib – qayaya,
Toz qopartdı, güc eylədi çuxaya.
Çuxasın çəkdi ol çoban başına,
Getdi söykəndi bir qaya daşına.
Nə qədər yel soyutdusa havanı,
Çoban artıq büründü bərk çuxanı.
Vermədi bir nəticə tədbiri,
Bəlkə bərəks oldu təsiri.
Günə növbət çatan kimi o zaman
Vəsəti-asimanda oldu əyan.
Belə bir isti torpağa saldı,
Alışıb yanmağa çöl az qaldı.
Çobana isti güc gəlib o zaman
Çuxasın, paltarın çıxartdı haman.
Yel çalışdı nə qədər qurdu kələk,
Yenə axırda oldu gün zirək.
Güc və zor ilə heç bir iş aşmaz,
İş əlində həlim olan çaşmaz.