Gürcü şairi Akaki Sereteli yubileyinə dair

Gürcü şairi Akaki Sereteli yubileyinə dair (1908)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Necә ki, ötәn mәqalәmizdә söz vermişdik, Akaki Sereteli cәnablarının müxtәsәr tәrcümeyi-halını yazıb, әsәrlәrindәn bәzi mәlumat vermәyә iqdam edirik.
 
Akaki Sereteli mәşhur İmeret knyazlarının nәslindәndir. Onun babaları sabiqdә İmeret padşahlarına müqәrrib olub, vәtәnlәrinә vә millәtlәrinә böyük xidmәtlәr göstәrmişlәr.
 
Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdindә özünә mütәәlliq Saçxeri adlanan mәhәldә, miladın 1840-cı sәnәsindә iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz vә nücәbaları arasında qәdimdәn işlәnәn adәtә görә öz körpә balalarını tәrbiyә üçün bir rәiyyәt evindә süd anasına tapşırıblar.
 
Zahirdә bu adәt nәzәrә bir az tәәccüblü gәlirsә dә, hәqiqәtdә bunun yaxşı tәrәflәri vardır. Belә ki, xass ilә amın, rәiyyәt ilә ağanın mabeynindә hәr iki sinfi bir-birinә yaxınlaşdırmaq üçün bir vәsilә әmәlә gәlir, xüsusәn, o halda ki, tәrbiyәyә verilәn ağazadәnin süd qardaşı vә süd bacısı ola.
 
Burada balaca knyaz kәnd uşaqlarının içindә böyüyüb, onların adab vә әxlaqını, dünyaya nә göz ilә baxmağını, hәrәkat vә sәkanatını, danışıqlarını, adәtlәrini, bilaixtiyar iqtibas edib, onlar kimi sadә dolanmağa, soyuğa vә istiyә, aclığa vә susuzluğa körpәlikdәn adәtkәrdә olmuşdur. Knyaz Sereteli indi dә haman gözәl vaxtını hәsrәtlә yad edir vә kәnd uşaqları ilә bir yerdә oynadıqlarını, bağda vә çәmәndә gәzmәklәrini, çiçәklәrdәn dәstә bağlamaqlarını, dünyanın qayğısından әsla bixәbәr olmaqlarını yada gәtirmәklә könlünü şad elәyir. Şair kәnd әhlindәn vә balaca yoldaşlarından eşitdiyi qisim-qisim nağılları sonradan başqa libasa geyindirib, gözәl әsәrlәr meydana gәtirmişdir.
 
Uşaq mövsümünün ikinci hissәsini şair valideyninin tәhti-nәzarәtindә keçirir. Fәqir әkinçinin hisli vә boş daxmasından dövlәtmәnd vә sahib-hökumәt knyazın müzәyyәn vә bәzәkli otağına müraciәt edib vә burada olan calalı vә otuz nәfәrdәn ziyadә pişxidmәtlәrin qabağında әlibağlı durmağını görüb şair heyrәtә düşür, oradakı yoxsulluq, ehtiyac vә sadәlik, buradakı dövlәt, tәntәnә, büsat, bolluq, izaf? x?rcl?r.... N? boyuk t?favut, n? ziyad? f?rq!....
 
Seretelinin әvvәlinci müәllimәsi mehriban anası olubdur, hansı ki, öz әsrindә artıq bilikli vә elmli arvadlardan birisi hesab olunurdu. Amma atasının çәndan elm vә savadı yox imiş. Sәkkiz yaşı tamam olduqda balaca Akakini atası Kutaisdә gürcü dvoryan gimnaziyasına qoyur. Burada әvvәl dәfә azadәliyә adәt etmiş knyaza gimnaziyanın köhnә vә sәrt qaydaları çox ağır gәlir. O vaxt acıqlı, qaş-qabaqlı vә mütәkәbbir müәllimlәr ilә saziş elәmәk doğrudan da әn çәtin mәsәlәlәrdәn birisi idi. Heç zadın üstündә şagirdi döymәk, qaranlıq otağa salmaq, yemәk vә içmәkdәn mәhrum etmәk bizim köhnә mәktәblәrdә işlәnәn kimi gürcülәrin gimnaziyalarında dәxi mötәbәr qaydalardan sayılırdı. Kutais gimnaziyasında Sereteli çox zәhmәt vә mәşәqqәtlә rus dilini öyrәnir, amma gimnaziyanın kursunu tamam etmәyә üç-dörd ay qalmış müәllimlәrin cövrü sitәminә artıq tәhәmmül edә bilmәyib, şair ata vә ananın izni ilә oradan çıxır vә Rusiyanın paytaxtı Peterburqa azim olur. Burada әlsinәyi-şәrqiyyә mәdrәsәsinә daxil olursa da, ona iktifa etmәyib, o vaxtda mәşhur professorların leksiyalarına qulaq asmaqla xeyli mәlumat kәsb elәyir. Rus studentlәri ilә dostlaşıb keçәn әsrin altmışıncı sәnәsindә mәşhur әdiblәrin әsәrlәrini artıq hәvәslә oxuyub, rusların mәişәti ilә aşna olur.
 
Bu vaxtlarda knyaz Akaki özü dәxi başlayır qәlәmini imtahan etmәyә. Onun әvvәlki yazıları vaxtın tәqazasına görә imperator Aleksandr saninin verdiyi reformalara dair mәqalәlәr idi.
 
Bu mәqalәlәrdә ki, "İsti xәbәrlәr" sәrlövhәsi ilә "Droeba" qәzetindә çap olunurdu, Akaki reformanın tәrәfdarı olmağını bildirib, rәiyyәt tayfasının knyazların vә mülkәdarların tәhti-hökumәtindәn vә zülm-sitәmindәn xilas olmasını suzişli dil ilә bәyan edәrdi. Onun mәqalәlәri artıq şövq ilә oxunurdu.
 
Bundan bir zaman keçmiş şair başlayır nәzmlә yazmağı vә bizim Azәrbaycan şairlәri kimi gülü, bülbülü, bahar vә şәrabı vәsf edib, mәdhi-dilbәr barәsindә gözәl şerlәr yazır ki, indi dә oxuyanları valeh edir.
 
Nәzmin әqsamindәn savayı onun nәsr ilә yazılmış hәr növ әsәrlәri: romanı, draması, komediyası, tәlimi-әtfala dair nağıl vә hekayәlәri vә mәzhәkәlәri vardır.
 
Seretelinin tәbi ziyadә mövzun vә rәvan olmağa görә yazdığı әsәrlәrin dәxi hәddi-hesabı yoxdur. Bir şerindә şair tәbi-şeriyyәsini bәyan edib deyir: "Mәnim mürәkkәbim zәhәr vә bal ilә, sirkә vә göz yaşı ilә mәmzucdur. Mәn istәyirәm ki, şerlәrimi fәqir oxuduqda fәqirliyini unutsun, bәdbәxt oxuyanda tәsәlli bulsun vә haqq-savabı hәr kәs nәzmimdә hiss edib xoşhal olsun, amma şerlәrimin vasit?si il? dusm?nl?rin d? ur?yin? z?h?r dam?zd?rmaq ist?yir?m....".
 
Bununla belә, Akaki Seretelinin ümdә arzusu vә baş fikri mәhәbbәt vә qardaşlıqdır. Gәlәcәk zamanda hamı millәtlәrin birlәşib ittihad vә ittifaqı vә qardaş kimi mehriban dolanmaq arzusu şairin tәbini güşadә edib, onun xәyalatını uca mәqamlarda gәzdirir vә bu ümumi ittifaqın ziddinә gedәn tәәssübkeşlәri, nifaq vә ziddiyyәt toxumunu sәpәnlәri vә ürәklәrdә kin vә әdavәt bәslәyәnlәri vә filcümlә haqq üzünә pәrdә çәkәnlәri nifrәt ilә yad edib, lәnәt damğasını onların alnına basır. Sereteli yektәrәf vә mütәәssib
millәtpәrәstlәrdәn deyil ki, öz millәtinin eyb vә qüsurunu görmәyib, ancaq onu layiqi-mәhәbbәt vә tәhsin bilsin. Sereteli üçün hamı millәtlәr müsavidir vә bir-birinә qardaşdır. Şairin ibadәt eylәdiyi mәbәdgahda bütün insaniyyәt sığışa bilir. Onun üçün kilsә, mәscid vә yәhudilәrin sinaqoqu yeksandır. Çünki hәqiqәtdә hәr bir millәtin getdiyi yol әlavә isә dә, mәqsәdi birdir. Cümlә haqq tәrәfinә, xudayi-lәmyәzal canibinә sövq etmәkdәdir. Bu barәdә Sereteli bizim şüәradan mәrhum Abdulla bәy Asini vә Hacı Seyid Әzim Şirvanini dәrxatir edir ki, onların da mәslәk vә әqidәsi vә baş arzuları ümumi bәşәrin vә insaniyyәt alәminin sәadәtidir, nәinki yalnız bir qövmün nicatı. Vә mәbudi-hәqq birdir; hәr kәs nә dil ilә vә nә qayda tәriqi ilә ona ibadәt edәcәk etsin, necә ki, Asi deyibdir:
 
Kiniştu Kәbә yeksandır, әzizim,
Çu min xud talibi-didar imiştum. [1]
 
[1] Tərcüməsi:
İlahi, məscidə meyxanə dönsün,
Tökülsün badəsi, peymanə dönsün.
 
Vә Hacı Seyid Әzim buyurubdur:
 
Kimisi Kәbәdә hәqqi, kimi deyr içrә görәr,
Hәrә bir növü gәzәr, axtarar ol sübhani.
 
Vә insaniyyәt barәsindә demişdir:
 
Demirәm rus, ya müsәlman ol,
Hәr nә olsan get әhli-ürfan ol.
 
Seretelinin baş arzularından birisi dә tәzә nәsl ilә köhnә nәslin, yәni atalar ilә oğulların birlәşib yekdil vә yekcәhәt olub, vәtәnin vә millәtin xeyr vә sәlahı üçün sәrfi-hümmәt etmәklәridir. Bu xüsusda bir nәzmindә deyir: "Hәrdәm ki, gözәl bir xәndәni vә canalıcı bir baxışı yada salıram, cürәt vә qüvvәtim artır. Haqq yolunda bütün alәm ilә cәng etmәyә müqtәdir oluram. O xәndә mehriban ananın vә sevgili yarın xәndәsi deyil, o xәndә yeni hasilә gәlәn cavan nәslin xәndәsidir ki, onu dünyanın malına dәyişmәrәm. O xәndәdir mәnim qәlbimә sәfa vә tәbimә tab vә qüvvәt verәn!".
 
Akaki Seretelinin tәbi romantizmdәn xali deyil. Onun "Suliko" (Cancığazım) ünvanında yazdığı bir nәğmә başdan ayağa romantizmdir. Bu nәğmә rus vә firәng dillәrinә tәrcümә olunubdur vә tamam Gürcüstan onu sövt ilә oxuyur. Mәzmunu budur: "Sevgili cananın qәbrini axtarırdım vә heç yerdә onu tapmayıb ağlaya-ağlaya çağırırdım: Haradasan mәnim canım, Suliko? Bu halda xar vә tikan içrә gözüm yeni açılmış tәr vә tazә qızıl gülә sataşdı. Ondan sual elәdim: mәnim Sulikom sәnmisәn? Cavabında qızıl gül qızarmış vә şәrmәndә başını aşağı dikdi vә bir damcı duru vә müәttәr şeh göz yaşı tәk yerә saldı. Bu әsnada gülün içindәn bülbül pırıldayıb nәğmәsini kәsdi. Müşfiqanә ondan sordum: Gözәl quşcuğaz, mәnim Sulikom sәn deyilsәn ki? Bunu eşitcәk biçarә bülbül dәrhal uçub gül şaxının üstünә qondu vә dimdiyi ilә gül yarpağına ahәstә toxunub başladı ah vә nalә elәmәyә, onun nәğmәsi mәni valeh etdi.
 
Qaranlıq gecәdә ulduz zәif şәfәqini üzümә saldı. Ondan sual etdim: Ey gözәl ulduz, bәlkә mәnim Sulikom sәnsәn? Ulduz atәş kimi alışıb yanmağa başladı vә şәfәqini daha da artırıb üzümü vә gözümü münәvvәr etdi. Bu halda lәtif bir yel әsdi vә mәnim qulağıma pıçıldadı: "Axtardığını tapdın, şad ol, qәm vә qüssәni unut, vaxta ki, gün batar, dünyanı qaranlıq bürür, göydә ulduz, yerdә bülbül vә gül sәnin qәlbini şad edәr. Sәnin sevgilin vәfat edibsә dә, sәndәn ayrılmayıbdır vә üç sifәtdә hәmişә sәninlә vardır". Odur ki, mәn hәr şeydәn artıq gülün әtrini, bülbülün nalәsini vә ulduzun şәfәqini sevirәm. Hәr üçündә mәnim Sulikom özünә mәkan tutmuşdur".
 
Akaki Sereteli knyaz Çavçavadze kimi vәtәn uğrunda vә millәt yolunda kişilәrin mәrdanәliyindәn danışıb, gürcü arvadlarını da unutmayıbdır. Onların vәtәn yolunda qeyrәt vә namuslarını şairanә nәzmә çәkibdir.
 
Bir nәzmindә belә bir әhval söylәyir: Gürcü xatınlarından birisi üç nәfәr oğlunu vәtәn mühafizәsi üçün davaya göndәrib, artıq iztirab ilә onlardan xәbәr gözlәyir. Bu әsnada xәbәrçi gәlir, qeyrәtkeş arvad mәtanәti-qәlb ilә ondan tәvәqqe edir ki, heç bir şeyi gizlәtmәyib, ona dürüst xәbәr versin.
 
Müxbir ahi-cansuz ilә cavab verir ki, sәnә qara xәbәr gәtirmişәm. Arvad artıq söylәmәyә macal vermәyib deyir: "Bu barәdә danışma, söylә görüm hansı tәrәf qalib oldu, vәtәnimiz salamatdırmı, yoxsa düşmәn әlinә düşübdür. Xәbәrçi ona tәsәlli verib deyir: "Qorxma xanım, gürcülәrin qılıncı kәskindir vә hünәri artıq. Biz düşmәnә qalib gәldik".
 
Bunu eşitcәk arvad allaha şükür edir vә oğlanlarından xәbәr tutur. Xәbәrçi onun böyük vә kiçik oğlunun vәtәn uğrunda qәtlә yetişmәyini xәbәr verdikdә gözlәrindәn iki damla yaş salıb deyir: "Mәn onları vәtәni mühafizә etmәk üçün bәslәmişdim. Bәs ortancıl oğlum qardaşlarının intiqamını aldımı?"--deyib sorduqda xәbәrçi deyir: "Xeyr, xanım, bu barәdә sәnә tәsәlli vermәkdә acizәm. Ortancıl oğlun düşmәnin hücumundan qorxub qaçdı, qardaşları qan tökәn zaman o meşәdә yarpaqlar altında gizlәnmişdi". Bәşirin bu xәbәri biçarәnin canına lәrzә salır, uca sәslә fәryad edib vә saçlarını qum-qum dibindәn qoparır, yaxasını çak qılıb, әmcәklәrini әlinә alıb deyir: "Sәni yox olasan ki, belә qorxaq oğul bәslәdin vә mәni töhmәt altında qoydun". Bizim xanımlar üçün şayani-ibrәt bir haldır! Arvadların fәdakarlığı vә vәtәn yolunda izhar etdiklәri hünәr vә sәdaqәt hәr әsr vә zamanda gürcülәr üçün mayeyi-fәxr olub, әdiblәri onların barәsindә gözәl nağıl vә hekayәlәr tәrtib etmişlәr. Onlardan birisi dә Akaki cәnablarının "Natela" ismindә nәzm etdiyi hekayәdir: Gözәl Natela ağ rәngdә bir çuxa tikibdir vә elam edibdir ki, o çuxanı geyәn xoşbәxt o kәs olacaqdır. Hansı ki, onu düşmәnin qanı ilә әlvan vә qırmızı boyayacaqdır vә sakin olduğu qәsrin әtrafında yüz iyirmi paya sancıbdır. Hansı igid yüz iyirmi düşmәn kәllәsi gәtirib payaların başına sanca, Natela canını vә cismini ona tәslim edәcәkdir. Minqrel knyazlarından rәşid vә nәcib Sotne Dadiani qaniçici nazәninә toy sövqatı üçün yüz iyirmi düşmәn kәllәsi gәtirir. Amma toy başlananda Natela nişanlısına tәklif edir ki, öz dost-aşnaları ilә gedib, Kartaliniyanı (Gürcüstanın şәrq tәrәfini) monqolların zülmündәn xilas elәsin vә illa toy olmayacaqdır. Bu tәklifi toya cәm olan cavanlar qәbul edib, şövq ilә monqollar üstә azim olurlar. Bunların qәsdini monqollar duyub, çoxlarını tәlәf edir vә knyaz Dadiani yoldaşları ilә әsir düşür. Monqol padşahı Noinin fәrmanı ilә knyazları çıplaq soyundurub ağaclara sarıyırlar vә bәdәnlәrinә bal sürtürlәr ki, günün qabağında hәr qisim hәşәrat onların qanını sorsun. Noin işrәtdә ikәn ona xәbәr verirlәr ki, bir arvad onu görmәk istәyir. Arvad hüzura gәldikdә dәfәtәn üzündәn rübәndini açıb yerә atır vә cümlәni gözәlliyi ilә heyran edir. Bu övrәt knyaginya Natela imiş. Noinin işarәsi ilә hüzurda olanlar dışarı çıxır vә özü taxtdan düşüb Natelaya tәrәf hәrәkәt edir. Natela libasının altında gizlәdiyi xәncәri çәkib hökm edir ki, yerindәn tәrpәnmәsin. Noin heyrәtdә qalıb başlayır ona yalvarmağa vә padşahlığının yarısını, mal vә dövlәtini ona vәdә edir, hәtta ona qul olmağı iqrar edir, ta ki, xahişini әmәlә gәtirsin, ona arvad olsun. Natela cümlәsini rәdd elәyib deyir: Mәn özüm dә sәnin kimi padşaham, heç bir şeyә ehtiyacım yoxdur. Mәn sәndәn tәvәqqe edirәm ki, nişanlımı öz adamları ilә xilas edәsәn. Noin ünas әhlindәn әvvәlinci dәfә belә mәrdanәliyi, rәşadәt vә cәladәti vә ali hissiyyatı müşahidә etdikdә o, valeh vә mәbhut olur, bir az fikrә gedib onun dәruni alәmindә bir tәbәddülat vüquә gәlir. Dәrhal sui-qәsdindәn daşınıb, knyaz Dadiani ilә sağ qalmış yoldaşlarını xilas edir vә rәşid Natela ilә Gürcüstan barәsindә sülh bağlayıb Gürcüstandan çıxır.
 
Bu hekayәnin az-çox әsli olmağı Gürcüstan tarixindәn görünür. Knyaz Seretelinin bundan әlavә hübbi-vәtәn babindә tarixdәn әxz olunmuş hәtta mütәәssir tragediyaları vardır ki, onda Gürcüstan arvadlarının fәdakarlığı әdibanә yazılmışdır.
 
Onlardan mәşhur "İraqli dövvüm" ("Patara qaxi"), "Tamara", "Medeya" vә qeyrilәridir. Dramdan savayı Akaki cәnabları bir çox komediya dәxi yazmışdır ki, cümlәsindә gürcülәrin mәişәtini artıq mәharәtlә göstәribdir vә mәrhum Mirzә Fәtәli Axundovun komediyalarından mәşhur "Xan sәrabi"ni türkdәn gürcü dilinә tәrcümә etmişdir vә bir çox romanlar, povestlәr, hekayә vә nağıllar vasitәsi ilә Gürcüstanın keçmişdәki vә indiki halı ilә öz millәtini xәbәrdar etmişdir. Onların tәmamisi ilә oxucuları aşna etmәk qeyri-mümkündür. Onlardan nümunә üçün abxazların dolanacağından "Mürәbbi" ünvanı ilә yazdığı bir hekayәnin mәzmununu burada zikr etmәyi münasib gördük. Bir halda ki, bu hekayәnin tәlim vә tәrbiyә mәsәlәsindә artıq әhәmiyyәti vardır.
 
Abxaziyada olan uca dağların birisinin başında cavan bir abxazlının evi qaralırdı. Burada cavan abxazlı gözәl vә istәkli Nazibrola adlı yarı ilә dünyanın qayğısını unudub işrәt edirdilәr. Soyuq vә boranlı bir gecәdә mәzkur abxazlının süd qardaşı qabardalı Sәfәr bәy ona qonaq olur. Yorulmuş müsafir qardaşının yanına bir işdәn ötrü gәlibdir. Onun ürәyi eşq odu ilә alışıb yanır, çoxdandır gözәl Ziya xanıma aşiq olubdur, amma mәzurә Ziya xanım ona tәklif edir ki, Әlmәqsudun kәhәr atını oğurlasın vә illa ona getmәyәcәkdir. Әlmәqsudun kәhәr atı isә cәmi Abxaziyada adı ilә söylәnir vә hamı ona aşiqdir. Sahibi-xanә qardaşının sözlәrini eşidib, onu bu xәtalı sәfәrdәn mәn edir, amma qardaşının xatirәsi üçün bu çәtin әmri öz öhdәsinә götürür.
 
Mәğrib sәmtindә hәlә ulduzlar göy üzündә sayrışırdı ki, rәşid abxazlı yedәyindә kәhәr at dar vә qorxulu cığır ilә dağ başına, öz xanәsinә tәrәf dırmaşırdı. Süd qardaşı yapıncı altında xabda idi. Amma onun istәkli yarı Nazibrola üzü-gözü qanlı, yaxası parçalanmış, zülflәri pәrişan halda gözlәrindәn yaş tökürdü, rәxtxab isә dağınıq vә pәrişan halda idi.
 
Nә iş vaqe olduğunu abxazlı dәfәtәn anladı, ürәyi sıxıldı, başı ağırlaşıb bilaixtiyar yerә yıxıldı. Arvadın hәzin sәs ilә ağlamağı, qәm vә qüssәsi bir dәqiqә onun ixtiyarını aldısa da, yenә abxazlı özünü toxdadıb, arvadının әlindәn tutub dedi: "Mәnim әzizim, ağlama, o bir yuxu idi, onu yadından çıxart. Sәn günahdan paksan. Yenә bizim pakizә vә müqәddәs mәhәbbәtimiz ulduz kimi saf vә baqi qalacaqdır". Bu sözlәrdәn sonra onun üzündәn öpüb, ürәyini sakit elәdi.
 
Sonradan namusuna toxunan Sәfәri mülatifәtlә yuxudan oyadır. Sәfәr süd qardaşını adәti halında görüb xof vә әndişәdәn çıxır vә belә güman elәyir ki, arvad vaqiәni әrindәn mәxfi saxlayıbdır.
 
Abxazlı qardaşına gülәş üzlә deyir: "Xahişini әmәlә gәtirdim. İstәdiyin kәhәr at sәni gözlәyir, tez ol yola rәvan ol, daha da artıq sәni yanımda saxlardım, amma bilirәm ki, әziz yarının vüsalına tәlәsirsәn".
 
Sonradan qonağa әl-üzünü yumağa su, yemәyә xörәk verib ... onunla bahәm dağın әtәyinә enir. Burada qonağa vida etdikdә ütab ilә ona deyir: "Sәfәr bәy! Sәnin bәd әmәlin vә alçaqlığın mәnә mәlumdur. Sәn mәnim irzimә vә namusuma toxundun. Bu fәnalığı söylәmәyә dilim qadir deyil. Bu fәna yaddan çıxmaz vә әfv olunmaz. Öz yolunla get, bir dә mәnim gözümә sataşma, bu lәkәni ancaq qan ilә yumaq olar".
 
Bu sözlәri eşitdikdә Sәfәr bәy titrәdi vә rәngi ağardı, ahәstә qardaşına dedi: "Doğru deyirsәn, müqәssirәm, demәyә bir sözüm yoxdur. Şeytan mәni günah әmәlә saldı, mәn sәnin kәmtәrin qulunam, rәhm elә, başımı cәsәdimdәn ayır".
 
"--Yox, sәnә mәnim әlim dәymәz, sәn mәnim anamın döşünü әmmisәn, çәkil kәnara, babalarımızın müqәddәs adәtini pozmaqda mütәssir sәn deyilsәn. Vәtәninә müraciәt etdikdә öz müәllim vә mürәbbilәrinin hüzuruna gedib, mәrdanәliyini ona söylәmәyi sәndәn iltica edirәm. Hәr qisim tәnbeh o sәnә qәrar etsә, ona tabe ol!".
 
Sәfәr bәy pәrişanhal vә qәmgin vәtәninә varid oldu vә öz mürәbbisi alim vә möhtәrәm Hacı Yusifin hüzuruna gәlib, tamam әhvalatı ona söylәdi. Bu söylәdikcә Hacı Yusifin üzü bulud kimi qaralıb tutqun olurdu. Axırda güclә nәfәs alıb soruşdu: "Bәs sonra nә oldu, sәninlә necә rәftar elәdi, sәnә nә dedi?".
 
Sәfәr bәy cavab verdi ki: "O mәni әfv elәdi süd qardaşlığı cәhәtinә, amma mәndәn söz aldı ki, sәnin hüzuruna gәlib tәqsirimi әrz elәyim vә hәr әmr sәndәn sadir olsa, ona әmәl edәm". "Aha! Düşünürәm, belә bir böyük günahın cәzası qandır, bunu ancaq qan ilә tәmizlәmәk olar, başqa bir çarә yoxdur!" Belә deyib tapancanın çaxmağını qalxızdı. Sәfәr bәy döşünü qabağa tutub qәzasına razı oldu. Hacı Yusif onu rәdd edib dedi: "Yox, ölümә layiq sәn deyilsәn. Sәnin mürәbbindir ki, sәnә tәrbiyә vermәkdә böyük qüsur göstәribdir". Bu halda tapanca açılır vә Hacı Yusifin ruhsuz qәlbi yerә sәrilir vә alnından nazik qan çeşmәsi açılır....
 
Müәllim vә mürәbbilәrә nә gözәl ibrәtdir!
 
Bu misallı tәlim vә tәrbiyәyә vә yeniyetmә cavan nәslin tәhzibi-әxlaqına dair Sereteli cәnablarının daha çox bәrgüzidә әsәrlәri vardır ki, tәmamisini qәzetә sütunlarında zikr etmәyә yer yoxdur. Bu axır vaxtlarda knyaz Akaki "Müsәlman qardaşlarıma" sәrlövhәsindә yazdığı bir şerindә müsәlmanların qәflәtdәn ayılmağını müşahidә edib, onları tәbrik, ülum vә fәnnin tәhsilinә tәşviq, ittihad vә ittifaqa tәrğib edib deyir: "Çox çәkmәz ki, sizi zәif, bacarıqsız vә elmsiz bilәnlәrdәn siz qüvvәtli, bacarıqlı vә elmli olarsınız...." Heyfa ki, Akakinin bu tәbriknamәsini әlә gәtirә bilmәdik ki, tәrcümәsini eyni ilә burada yaza idik. Sereteli cәnablarını cümlә müsәlman әdiblәri vә şairlәri tәrәfindәn tәbrik edib, Gürcüstanın fәxri üçün daha da çox yaşamaqlarını sәmimi qәlbdәn arzu vә tәmәnna edirik.