Gürcüstan (Əhməd Cavad)

Gürcüstan (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

Mən ömrümün ən canlı,
Ən çılğın çağlarında;
Dolaşdım Gürcüstanın
Mamırlı dağlarında.

Seyrə çıxdım ilk əvvəl
Tiflisin yanlarında.
Dedilər ki, “durma, gəl,
Suram ormanlarında.

Qadın bir hökmdarın
Mazğallı bir bürcü var.
Bir issiz ormanların
Hər yerində gürcü var.

Qarşılar səni katso
Şən və gülər üzilə.
İçərsən bir içim su,
Gürcülərin özilə” .

Çıxdım mən də yuxarı
Baxaraq çılğın Kürə.
Çıxdım dağlara sarı,
Dost izlər görə-görə.

Ruhum çiçəklər dərdi -
Nə həddi, nə hesabı;
Dadlı bir nəşə verdi
Kaxetiyanın şərabı.

Axşamladıq bir dəfə
Rion çayı boyunda.
Əyləndim, baxdım kefə
Gürcülərin toyunda.

Yaxşı yadımda qalmış
Gah atlı, gah piyada;
Üç ay qədər bütün qış
Gəzdim Minqrelyada.

Görən bilir, Gürcüstan
Yosunlu bir diyardır.
Gürcüstanın can alan
Gözəllikləri vardır.

О zaman mən gəzərkən
Gürcüstan torpağında,
Qanlı bir ləkə gördüm
Çarlığın bayrağında.

Sorunca gürcülərdən
О sirrin mənasını,
Açdılar mənə birdən
Məmləkətin yasını.