Gələcək (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gələcək
Müəllif: Aşıq Alı


Qövlü bəla belə qurulub
Həqiqət dövran gələcək.
Mən deyirəm yəqin bilin
Qiyamət divan gələcək.
Çalışgınan savab qazan,
Savabsıza yan gələcək.
Somu Salatınnan bezən,
Qətranı qazan gələcək.

Anadan olduğun günü,
Bilginən ki, qəzan vardır.
Nə iş tutsan bu dünyada,
Xeyir-şəri yazan vardır.
Sağır-fağır incitməsən
Yaxşı əməl düzən vardır.
Torpaq altda lət içində
Nəkreyilə can gələcək.

İnsi-cinsi ol yaratmış
Çəkəcəkdi qəhri-qəza.
Onun tutduğu əmələ
Verəcəkdi əhli cəza.
Çalışgınan yetim doydur
Pis əmələ uyma əsla.
Uruhlar da cəm olacaq,
Qıl körpüyə can gələcək.

Tam uruhlar ərəfəyə
Tamam orda cəm olacaq.
Nameyi əməl əllərində
Sorğu-sual qurulacaq.
Yaxşı əməl ol cənnətə
Pis əməlli tam yanacaq.
Ərəsət məhşər olacaq,
Sahib əzzaman gələcək.

Cəm olarlar ərəsətə
Məhəmməd Mustafa gəli,
Aşıq Alı, sənin ağan
Əliyi Mürtəza gəli.
Fatimeyi Zəhra ilə
Həsəni Müştəba gəli.
Zülüm ərşə dayananda,
Şafeyə Hüseyn gələcək.