Gələcəkdi
Müəllif: Aşıq Alı


Dövlətlilər, nə uyubsuz dünyaya,
Dünya malı sizə dar gələcəkdi.
İncitməyin fağırların pirini,
Nəticəsi sizə ar gələcəkdi.

Köyxa deyir dünya mənim, var mənim,
Torpaq mənim, cənnət mənim, sar mənim.
Göydən düşən o çalruylu qar mənim,
Ədalət olacaq, dar gələcəkdi.

Həqiqət, axirət vardı, deyirəm,
Yeddi cəhənnəmi vardı deyirəm.
Yoxsulun Allahı vardı deyirəm,
Siratın körpüsü, var, gələcəkdi.

Nökər saxlamağın çoxdu günahı,
Aləmə yetəcək miskinin ahı.
Zülm edənə zülm eliyər İlahi,
Yoxsulun üzünə var, gələcəkdi.

Aşıq Alı, sığın şahi-Heydərə,
Ədalətsiz, mərifətsiz bəylərə.
Lütfsüz, loxmasız olan səylərə,
Axirət tufanı, qar gələcəkdi.