Gələn birdir, gedən birdir, qalan bir
Gələn birdir, gedən birdir, qalan bir Müəllif: Mirzə Mehdi Şükuhi |
Mənbə: Mirzə Mehdi Şükuhi. Şeirlər — azadliq.org saytı. Yayımlanıb: 13.07.2014 |
Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sir.
Bir əvvəl var, bir axir var deyillər,
Bu bir sözdür, nə əvvəl var, nə axir.
Açar min məclisi-bazi dəmadəm,
Tamaşayə qurulmuşdur bu çadir.
Məali-küfrü imandən xəbər yox,
Nə fərq eylər bu mömindir, o kafir.
Tərazi-xaməsindən tük yayınmaz,
Təaləllah, əcəb ustadi-mahir.
Yaman getdi cavanlıq, mən qocaldım,
Pəri kuyində bir div oldu zahir.
Nə hasil zurü zərdən cüz təəssüf,
Driğa, gənci-Xosrov, cəngi-Nadir.
Şükuhi ölməyincə bu tilsimi
Deyil sındırmağa bir kimsə qadir.