Gələydi
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Xaliqi-ləmyəzəl edəydi imdad,
Həsrət gözüm intizarı gələydi.
Olaydı laləzər, açaydı güllər,
Zimistanın novbaharı gələydi.

Baharın havası əridə qarı,
Açıla çeşmələr, axa suları .
Oynaya buludlar, yağdıra barı,[1]
Dərya kimi dalğaları gələydi.

Açıla dağların hər cür lalası,
Bənövşənin ətri, zövqü səfası.
Moc verir könlümdə eşqin dəryası,
Coşqun çaylar kimi carı gələydi.

Göyərə bağçada süsən sünbüllər,
Ətrafında gəzə şeyda bülbüllər.
Uzana tənəklər, açıla güllər,
Bağban istədiyi barı gələydi.

Pünhanda dərsimi veribdi ustad,
Göstərib yerbəyer, eyləyib bələd.
Virana könlünü eyləyən abad
Bir Musanın ümidvarı gələydi.

Qeydlər

redaktə
  1. Bar (baran) – yağış.