Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz

Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz
Müəllif: Molla Vəli Vidadi


Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz,
Qan ağlama çox, dideyi-giryan belə qalmaz,
Gül vaxtı keçər, seyri-gülüstan belə qalmaz,
Hər ləhzə könül xürrəmü xəndan belə qalmaz,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan belə qalmaz.

Əzbəs bu camal ilə ki, canan ola fani,
Bu işvə ilə qəddi-xuraman ola fani,
Bu gərdəni-xoş, zülfi-pərişan ola fani,
Bu əhsəni-surətdə ki, insan ola fani,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.

Sultani-cahan olsa, gedər, canə inanma,
Bir gün pozulur, şövkəti-divanə inanma,
Çün baqi deyil, mülki-Süleymanə inanma,
Gər aqil isən, gərdişi-dövranə inanma,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.

Yüz mövsümi-xoş xürrəm olub illər açılsa,
Yüz lalə bitib susənü sünbüllər açılsa,
Yüz baği-cahan tazələnib güllər açılsa,
Könlüm ki, açılmaz neçə müşküllər açılsa,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.

Ah, aldı məni dərdi-fəraqü qəmi-həsrət,
Sərməstü xərab etdi yenə badeyi-heyrət,
Bir mehrü vəfa etməli yox kim, ola rəğbət,
Fövt eyləmə gəl, var ikən əldə dəmi-fürsət,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.

Fikr etsən əgər, dəhrin işi bəhri-bəladır,
Bir dürri-giranmayəsi min canə bəhadır,
Hər nəqşi bir ayineyi-isbati-xudadır,
Məqsudi-dü aləm yenə təhsili-rizadır,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak yeksan, belə qalmaz.

Ey xəstə Vidadi, bu cahan bir quru səsdir,
Bir dəmdə keçir, öylə ki, fəryadi-cərəsdir,
Bu bəzmi-fənadə bu nə hənkami-həvəsdir,
Gəl durma ki, ömrün keçir, əncami-nəfəsdir,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.