Gəl mənə
Müəllif: Aşıq İsmi
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015.

  
Həsrətindən oldum dəli,
Gözəl, gəl mənə, gəl mənə.
Ətəyindən üzmə əlim,
Gözəl, gəl mənə, gəl mənə.

Zülfün siyah, belin incə,
Heç kim sevməz səni məncə.
Baxma bir qocaya, gəncə,
Gözəl, gəl mənə, gəl mənə.

Qadanı-balanı alım,
Desən, gəl qulum ol, ollam.
Dərdindən saralıb-sollam,
Gözəl, gəl mənə, gəl mənə.

Aşıq İsmi sənə qurban,
Gözüm yaşdır, ürəyim qan.
Sənsən dərdlərimə dərman,
Gözəl, gəl mənə, gəl mənə.