%25 tamamlandı
Gəldi, keçdi
Müəllif: Nəbi Miskin
Mənbə: Müşfiq Borçalı, BORÇALI ŞAİR NƏBİ (1873-1945)

Bir saat əyləndim yol kənarında,
Sallandı qarşımdan yar gəldi, keçdi.
Haçan ki, topladım kəndi halımı,
Gen dünya başıma dar gəldi, keçdi.

Al-yaşıl bəzənib, hənalı dəsti,
Havalı telləri yel vurdu, əsdi.
Qabaqdan boranı səbrimi kəsdi,
Dumanlı, çiskinli qar gəldi keçdi.

Şair Nəbi ağlar dərdin kanıdı,
Şirincə ləbləri əmən qanıdı.
Bütüncə bədəni can dərmanıdı,
Qıymadı qoynunda nar gəldi, keçdi.