Gəldi (Aşıq Nəsib)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəldi
Müəllif: Aşıq Nəsib
Mənbə: Əskər Nailə. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2016

Şura el-obanı beybec elədi,
Naxış adamların zamanı gəldi.
Oynadı göylərdə qara buludlar,
Namərdliyin sisi-dumanı gəldi.

Dağıldı yığnaqlar, yoxdu çal-çağır,
İt-qurdla doludu daha yol-cığır.
Yenə qamı acdı binəsib fağır,
Meydana şeytanın yamanı gəldi.

Müsəlman olanlar batıbdı yasa,
Dəyişdi, pozuldu əvvəlki yasa.
İndilər kefçəkir bayquş, yarasa,
Eşşəyin qanqalı, sanwnı gəldi.

Bəy bəylikdən düşdü, gic mindi ata,
Hakimlik elədi şər camaata.
O gözəgörünməz getdi inada,
Türklərin tanrıya gümanı gəldi.

Nahaq başa keçib, haqq ayaqdadır,
Köpək evə girib, donuz bağdadı.
Nəsib, damağında xoş günün dadı,
Qəm elə, urusun İvanı gəldi.