Gəldim (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəldim
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22.

Qarabağdan səfər etdim,
Mülkü Şirvana mən gəldim.
Məcnun tək düşdüm səhraya,
Dəli-divana mən gəldim.

Şamaxı şəhrinə yetdim,
Əcayib seyrilər etdim.
Daşkəsən gədiyin ötdüm,
Xaki rizvana mən gəldim.

Xoşdu Cəvanı yaylağı.
Soyuq sular, tər bulağı,
Bahar fəsli gəlin çağı,
Əcəb xəndana mən gəldim.

Mən Valehəm, Zərnigara,
Sığındım pərvərdigara,
Canımı saldı odlara,
Misli pərvanə mən gəldim.