Gəlibmi
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14.

Dinib-danışsana, ay aşıq Bayram,
O bizim dağların yazı gəlibmi?
Əriyibmi o dağların qış qarı,
Ağçınqıla qoyun-quzu gəlibmi?

Yellər çırpınırmı, arana sarı,
Sellər uçururmu, barı-hasarı.
Nərgizlər, lalələr gülürmü barı,
Dağların bənövşə qızı gəlibmi?

Heyif ki, vədəsiz talandı Bəsti,
Min yol talansa da, qalandı Bəsti.
Sazıynan-sözüynən dolandı Bəsti,
Bəstinin dağlara sözü gəlibmi?