Gəlibsən - Gəlmişəm (Qeysər - Novrəs İman)

Gəlibsən - Gəlmişəm
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 188-189

Qeysər
Qəza kəməndinə olubsan düçar,
Dolandırıb bu zamana, gəlibsən.
Çəkərsən əlimdən yaxşı ahü zar,
Boyanarsan əlvan qana, gəlibsən.

İman
Dilimdə Məhəmməd, kani-zülkərəm,
Əzbərimdi, bu cahana gəlmişəm.
Bağlayıb ürəkdən sidqü etiqad,
Onun kimi səxa kana gəlmişəm.

Qeysər
Binəva, nə lazım, darı mən quram,
İstəmirəm, sənlə rubəru duram,
Heyifsən, bənd edib, zindana vuram,
Rəhm edərəm sən cavana, gəlibsən.

İman
Söyləmə zindanı, zalım Qeysəri,
Çağırram Həsəni, şahi-heydəri.
Hər zaman canına salı ləngəri,
Doyduraram səni cana, gəlmişəm.

Qeysər
Qeysərəm, nə zaman cəngdə durdum,
Neçə cür aşığa damü tor qurdum,
Sazın alıb, özün zindana vurdum,
Axır sənsən, bu məkana gəlibsən.

İman
Bil, mənəm ol şahi-heydər aşiqi,
Hüseyni-şəhidin əkbər aşiqi.
Novrəstə İmanam, dilbər aşiqi,
Nə dəliyəm, nə divanə, gəlmişəm.