Gəlin (Aşıq Əsəd)

Gəlin
Müəllif: Aşıq Əsəd
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.386; ISBN 978-9952-571-42-4

Nagah mənə urcah oldun,
ay qaşları qara,gəlin.
Günəş kimi zərrələndin,
şövqün düşdü bazara,gəlin.
Bədnəzərdən pünhan dolan,
gələrsən nəzərə,gəlin.
Çoxu sənə mail oldu,
salarsan azara,gəlin.
Zərrü-ziba geyinmisən,
üstündən bir xara,gəlin.

Üst-üstündən dörd don geyib,
hamısının köbəsi ala.
Gör bir necə cilvələnib,
çinniyib qabağa,dala.
Tər libası, tər əndamı,
mən istərəm daim qala,
Bəşərliyə şəkk elədim,
mən düşdüm özgə xəyala.
Zülflərin adam çalır,
dönübdü şahmara, gəlin.

Birisi növrəstə gəlin,
biri yəqin qızdı, bilin.
Yetmiş iki hava çalır,
teli incə sazdı, bilin.
Göydən gəlmiş məleykədi,
yerdə quba qazdı, bilin.
Qoynu cənnətin bağçası,
həm bahardı, yazdı bilin.
Aşiqinə zülm elədin,
saldın ahu-zara, gəlin.

Bu zülmün qabağında,
mən bilmədim haralıdır.
Geyinib xublar sayağı,
hansı yerin maralıdır.
Qıyğac baxıb, canlar alır,
bildim yardan yaralıdır.
Filankəsi xəbər aldım,
dedi, məndən aralıdır.
Yaram üstən yara vurdun,
oldum para-para, gəlin.

Araz üstdən bu ceyranı,
gətiriblər qova-qova.
Mail olub mina boya,
ərənlər də çıxdı ova.
Mən ki, köhnə kamandaram,
başıma gəlibdi hava.
Badi-səba, sən xəbər ver,
Tovusda Telli Zeynaba.
Əsədin də sinəsinə,
vurubdu min yarə, gəlin.