Gəlin (Aşıq Abbas Tufarqanlı)
Gəlin Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Sən ki, bu qaydada belə gözəlsən,
Yoxdu gözəllikdə sənə tay, gəlin!
Qaşların kamandı, kirpiklərin ox,
Ağ üzündə qoşa xallar, ay gəlin!
Haqq götürsün aralıqdan yamanı,
Artsın seyrağıbın dərdi, amanı,
Hər kim vursa sənlə mənim aramı,
Düşsün evlərinə görüm vay, gəlin!
Abbas deyər: qızılgülü dərginən,
Dərib-dərib sinəm üstə sərginən,
Ağ üzündən bir cüt busə verginən,
Hesab eylə qonşuluqda pay, gəlin!