Gəlin (Hüseyn Cavid)

Gəlin
Müəllif: Hüseyn Cavid


Of, nə yamandır süzgün baxışlar,
Ay ipək talləri zərəfşan gəlin!..
Hər kəs gülər, hər kəs səni alqışlar,
Yalnız mənim halım pərişan, gəlin!

Getmə, dur, könüldə min həsrətim var,
Söylənəcək dərdim, fəlakətim var,
Səndən sənə gizli şikayətim var,
Ey mələk ədalı, xuraman gəlin!

Nədir suçum, məndən uzaq qaçırsan,
Yabançı ellərə şənlik saçırsan,
Röya kimi süzülürsən, uçursan,
Bilməzsən ki, bağrım olur qan, gəlin!

Nə söyləyim! Halım əyandır sana;
Sən bir yana, bütün dünya bir yana.
Sənsiz gülüstanlar zindandır mana,
Ey cənnətdən bizə ərməğan gəlin!..