Gəlin (Qaracaoğlan)

Gəlin (XVII əsr)
Müəllif: Qaracaoğlan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Gedər ikən obanızdan,
Düşdü sizə yolum, gəlin!
Qovma aşığı qapından,
Sənə qurban olum, gəlin!

Əyrimcədən keçir belin,
Ağ üzə tökülüb telin,
Mən sənin şeyda bülbülün,
Sənsən mənim gülüm, gəlin!

Qaracaoğlan deyil yağı!
Olmuşam gözün dustağı,
Küsdürmə qərib qonağı,
Qonub sənə meylim, gəlin!