Gəlin qayası
Rəvayətlər. Gəlin qayası Müəllif: Şifahi xalq ədəbiyyatı |
Birinci versiya
redaktəBir gün düşmənlər qəfildən hücum çəkirlər. Eldə qaçhaqaç düşür. Adamlar özlərini itirir, hara qaçdıqlarını bilmirlər. El-obanın çox igidləri qırılır. Yağılar qabaqlarına keçənləri qoca demir, uşaq demir, qadın demir, hamısını qılıncdan keçirirlər. Bu qaçhaqaçda bir hamilə gəlin də gizlənməyə yer axtarır. Ha göz gəzdirirsə gizlənməyə yer tapa bilmir. Üz tutur ayaqyalın, başı açıq dağlara sarı. Düşmənlər sən demə gəlini görüblərmiş. Düşürlər arxasınca. Gəlin piyada, həm də hamilə, düşmənlər də atlı, yazıq hara qaça bilər ki. Ələ keçəndə də onun başına nə gətirəcəklər, kim bilir. Düşmənlər çathaçatda üz tutur göylərə, yalvarış edir. Elə bu vaxt düşmən atlıları özlərini yetirirlər. Amma yerlərindəcə donub qalırlar. Onların qarşılarında hamilə gəlin əvəzinə hamilə qadına oxşayan uca bir qaya peyda olur. Gəlin qayaya dönübmüş. Elə o vaxtdan da bu qayaya “Gəlin qayası” deyilir.
İkinci versiya
redaktəQədim zamanlarda Şahbuzun çox ucqar kəndlərindən birində gözəlliyi aləmə yayılan sərv boylu bir gəlin varmış. Əri düşmənlə vuruşmada həlak olubmuş.
Gəlinin qumral gözləri, ilan kimi qıvrılan qoşa hörüyü cavanların canına od salarmış. Yaxından, uzaqdan gələn elçilər həmişə kor-peşman geri qayıdarmış.
Günlərin bir günü gəlini tanımadığı bir oğlan qaçırır. Oğlan qorxusundan gəlini dağlara aparır. Onlar başı göylərə dəyən Toğlu qayayla Salvartı dağının arasından keçəndə gəlin çırpınıb oğlanın əlindən çıxmaq istəyir, ancaq bacarmır. Əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman istəyir...
Daşa dönmüş gəlinin abidəsi o vaxtdan el arasında “Gəlin qayası” adıyla tanınır...