Gəlincə
Gəlincə Müəllif: Aşıq Əsəd |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
Dostum, mənə vədə verdin, gəlmədin,
Çox çəkərəm ahü zarı gəlincə.
Xəstə kimi sızıldaram sübhədək,
Yata bilməm gecə yarı gəlincə.
Gözəl gərək sirr saxlaya dərində,
Ağlı, huşu, etibarı sərində.
Məcnun kimi durram vədə yerində,
Gözləyərəm düz ilqarı gəlincə.
Bir namə vermişəm sübhün badına,
Yoxsa mən düşmərəm onun yadına?
Yanar cismim, atəşinə, oduna,
Çəkər könlüm intizarı gəlincə.
Ruhum bağlı qalıb siyah telində,
Zənbur bal bağlayıb şirin dilində.
Əsəd deyir, gözüm qalıb yolunda,
Çıxır canım bizə sarı gələncə.