Dilbərim aşığmı sallanıb görməyə gəlir,
Tuti tək dili fəsih, danışıb gülməyə gəlir,
Həsrətindən dərdə düşdüm, dərdimi bilməyə gəlir,
Dərdindən qan ağlaram, yaşımı silməyə gəlir,
Bilmirəm nə var könlümdə, yar özü bilməyə gəlir.
Yaradan bu cavanı, gör necə candan eylədi,
Yanaqları lalə kimi qönçədən gülşan eylədi,
Kəkili sünbül cığalar, zülfü pərişan eylədi,
Qaşları ox atıban sinəmi şan-şan eylədi,
Şahi-kamandara dönüb, bağrımı dəlməyə gəlir.
Ağ ceyran quzusudu, çıxıb çölə düzdə durur,
Cığalar qıvrılıban, mahi-taban üzdə durur,
Qaşlara vəsmə yaxıb, sürmə ala gözdə durur,
Hurilər xidmətində, mələklər pişvazda durur,
Bir belə şahi-xuban, təvəcöh qılmağa gəlir.
Məclisi səf-səf edib, yığnağı əlvan bəzəyin,
Qızıl, gümüş şamdanları, çırağı əlvan bəzəyin,
Doldurub gətir qədəh, bir sağı əlvan bəzəyin,
Döşəyin xalı, gəbə, otağı əlvan bəzəyin,
Bəlkə də mehman olub, bir gecə qalmağa gəlir.
Məhəmmədəm, yara müştaq olmağımı siz də bilin,
Başıma gələcəyi bilməyimi siz də bilin,
Saralıb heyva kimi solmağımı siz də bilin,
Ey bidad, Allah aman, ölməyimi siz də bilin,
Cəlladi-xunxar olub, canımı almağa gəlir.