Gəlmədi (Çıldırlı Aşıq İrfani)

Gəlmədi
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

Hey ağalar necə məhzun olmayım.
Yarım yad ellərə köçdü, gəlmədi.
Tərk eylədi vətənini, elini,
Gömülganın suyun içdi gəlmədi.

Qanıya ol mənim şirin makalım,
Dahi guşumdadır sadayı alım,
Nazu- qəmzə ilə şu qanlı zalım,
Kəsdi qara bağrım, biçdi, gəlmədi.

Gəlməmişdi səncileyin cahana,
Bir mələksimadır yoxdur bahana,
Dedim ki, toxuram tülin şahana,
Duyuq düşdü, eldən uçdu gəlmədi.

Xalı-xərac olur Çin-Maçindən,
Didəm bir muy vurur siyah saçından,
Bir kəz hıfzın bulmuşdur Laçindən
Pür-sonadır, göldən uçdu gəlmədi.

Hey ağalar İrfaniyi güldürün,
Var isə dərdinə dərman, bildirin,
Dahi bitməz oldu gülü Çıldırın,
Türkmən Kars elinə köçdü, gəlmədi.