Gəlməz (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlməz
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 49

Dağılıb başımdan qəm ədaları,
Cəhd ilə çalışsam, kamala gəlməz.
Pozulub könlümün hər nizamları,
Tərk olub şövkəti, cəlala gəlməz.

İçdim yar əlindən mey piyalası,
Dolandırır məni eşqin havası.
Açılsa qəlbimin qəmli ədası,
Sığışmaz aləmə, mahala gəlməz.

İman zikr eyləyər taha yasini,
Şəninə oxunan hələtasını
Sidq ilə çağırsa qul ağasını,
Qəza tapmaz, ona nə bəla gəlməz.