Başına döndüyüm, a dəstəbaşı,
Yön çevirib bu diyara, gəlmişəm.
Çərxi-fələk əyib mənim işimi,
İşim düşüb, ahu-zara, gəlmişəm.
Beş camışım vardı, beş-on da malım,
Onlarnan keçərdi mənim əhvalım.
Belə çaldı getdi bimürvət zalım,
Qapım dönüb dəyirmana, gəlmişəm.
Bir badi-sərsəri sərimdə əsdi,
İsgəndər nərəli, Rüstəm Zal şəstli.
Bir müşkül işim də sizlərə düşdü,
Gəl eylə dərdimə çara, gəlmişəm.
Məmmədhüseyn sizə xilaf söyləməz,
Eşqin dəryasına girib boylamaz.
Qovça güney əlli, altmış yeyləməz,
Sənin kimi qəhrəmana gəlmişəm.