Gəlmişəm (Qul Mahmud)
Gəlmişəm Müəllif: Qul Mahmud |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bir tərlanın sorağına düşmüşəm,
Bu dağlara mən bir ova gəlmişəm.
Yar yolunda səri qoyub sadağa,
Doğru əhdə, düz ilqara gəlmişəm.
Müştaq oldum yarın şirin dilinə,
Nazik bədəninə incə belinə.
Gümanım var əlim yetsin əlinə,
Bu yolda çəkmişəm cəfa, gəlmişəm.
Hardan namə gəldi mənim adıma?
Xəbər oldu yaxmıma, yadıma.
Söz anlayıb gəlib yetsin dadıma,
Mürvət umub, mən insafa gəlmişəm.
Mahmudum yolunu oba-el gözlər,
Günlər keçər, aylar ötər, il gözlər.
Qohum-qardaş gecə-gündüz yol gözlər,
Hər xətanı qova-qova gəlmişəm.