Gəlmişəm (Varım-yoxum olan qoyunum, malım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlmişəm (Varım-yoxum olan qoyunum, malım)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Varım-yoxum olan qoyunum, malım,
İtib, axtarmaqdan zara gəlmişəm.
Əzəldən yatıbdır bəxtim, yığvalım,
İşim düşüb, yaman dara gəlmişəm.

Halalca zəhmətim öz əməyimdir,
Dolandıran bir Allah köməyimdir.
Bir kəsə qıymazdım, bilmirəm kimdir,
Eyləyib könlümü qara gəlmişəm.

Ağlaşır uşaqlar bir neçə gündür,
Onun üçün sinəm çarpaz düyündür.
Hansı zalım bu işinə öyündü,
Vurdu ürəyimə yara, gəlmişəm.

Yandırıb, qoy deyim nainsaf oğlu,
Aparıb olanı, qanımı sordu.
Bilmirəm tutulan nə divan, tordu,
Yaş ötüb, yıxıla-dura gəlmişəm.

Məmmədhüseynəm, bir yamanlıq bilmədim,
Çarəsizə çarə qıldım, gülmədim.
Dəstəbaşı, dərdim sənə söylədim,
Dalınca dağlara kara gəlmişəm.