Gəlmişdi
Müəllif: Şair Aqil
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Bu şənbə günündə, axşam zamanı
İstəkli bir dostum bizə gəlmişdi.
Alma yanaq, büllur buxaq, gül üzü,
Gətirmiş ləbində məzə, gəlmişdi.

Bahar olcaq bağlar atar barını,
Bülbül çəkər gülün ahü zarını.
Əyninə geymişdi toy paltarını,
İşvəyə, qəmzəyə, naza gəlmişdi.

Aqil dərdin xalqa söylər hər zaman,
Sirr sözün heç kəsə eyləməz bəyan.
Qoymadı danışaq qarı biiman,
Güman ki, söhbətə, saza gəlmişdi.