Gəlsin (Aşıq Abbas Tufarqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlsin Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bizdən salam olsun arif olana,
Hər kəsin mənimlə varisə gəlsin.
Cəhənnəmi indi ona göstərrəm.
Hansı bəndə günahkar isə gəlsin.
Zalım bəndə, uyma bunca qeybətə,
Qeybət edən tez düşəcək zillətə,
İskəndəri kim göndərdi zülmətə?
Hər kim ondan xəbərdar isə gəlsin.
Qızılgül bəslənir xəndan içində,
Ənnabi ləblərin dəhan içində,
Abbasam, durmuşam meydan içində,
Kimə bu gen dünya dar isə gəlsin.