Gəlsin (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlsin
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 50

Burada bir səyyadın tor bənası var,
Cəhd eylər, dəstinin tərlanı gəlsin.
Cavandı, sərinin eşq havası var,
Xəstədir, dərdinin dərmanı gəlsin.

Çəkilib qəlbinə ağ üstdən qara,
Dağlar maralı tək düşübdü dara,
Qəza xədəngindən yetişib yara,
Sağalmaz, ha təbib, loğmanı gəlsin.

Dolanıb zimistan, gəlib nobahar,
Gülşənə yağdırır dolu, boran, qar.
Kim desə fələkdən dildə yaram var,
Açmağa dəftəri-İmanı gəlsin.