Gəlsin (Qasım bəy Zakir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlsin Müəllif: Qasım bəy Zakir |
Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin işrət çağıdır,
İçilir hər yerdə peymanə gəlsin!
Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadaga,
Gül camalın görüb düşsün torpağa,
Bülbülü gətirsin əfqanə, gəlsin!
Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə, gəlsin!
Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla ala sərasər,
Naz ilə sallanə-sallanə gəlsin!
Sürmə çəksin gözlərinə, qaşına,
Gündə min yol mən dolanım başına,
Zakir tək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!