Gəlsin (Yəhya bəy Dilqəm)

Gəlsin
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Başına döndüyüm qasid xoş qədəm,
Ərzimi get söylə canana, gəlsin.
Gecə-gündüz şama pərvanə kimi,
Oduna alışıb yanana gəlsin.

Dilim tutmur yara dərdimi yazam,
Cəlallı canandan artıbdı cəzam,
Saranı Mahmuda verən Mimizam,
Mənim işim səndən imkana gəlsin.

Görmədim bir belə ləbi piyala,
Buxağı bönövşə, yanağı lala,
Cəlallı canana gələn bir bəla,
Uzaq olsun ondan, bu cana gəlsin.

Hər kəs yarı mənə inayət eylər,
Elə bil Kəbəni ziyarət eylər,
Qafil gedən qasid xəyanət eylər,
Yar özü ilqara, imana gəlsin.

Dilqəmə lütf eylə kərəmin kanı,
Növrəstə nobarı, o novcavanı,
Ya kəs başım, ya da yetir cananı,
Mənim mürği-cismim dərmana gəlsin.