Gəncəm, hey
Gəncəm, hey (1918) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-09. |
Bura Şahsevəndi, bura Bağmandı,
Bura Sərdar bağı, bura Ozandı!
Görənlər, bilənlər sana heyrandı!
Bəzənsin çöllərin, Gəncəm, Gəncəm, hey!..
Nizami gələrmi bir də cahana?!
Sənə oğul oldu, son ona ana!
Neçə cahangirə, neçə arslana
Toy tutdu əllərin, Gənəom, Gəncəm, hey!..
Sən Dədə Yedyarın yadigarısan!
Sınıq könüllərin payidarısan!
Yağının qənimi, dostun yarısan!
Söylənir fellərin, Gəncəm, Gəncəm, hey!..
Ziyadxan evləri cərgə-cərgədi,
Hər çinar qoynunda bir sərkərdədi!
Sazında, sözündə pərdə-pərdədi
Qovğalı illərin, Gəncəm, Gəncəm, hey!..
Üstünə gələnlər gəlməz özünə!
Bir başına döyər, bir də dizinə!
Ox kimi süzərək - xain gözünə
Sancılar millərin, Gəncəm, Gəncəm, hey!..
Mən nəyə söykənim, nəyə inanım!
Bir sana, tək sana gəlir gümanım!
Bu Cavad qalası dinim, imanım -
Açılsın güllərin, Gəncəm, Gəncəm, hey!..
Başının üstündə Ulduz-Ayın var!
Hər günü bir tarix ilin, ayın var!
О tay-bu tay axan Gəncə çayın var!
Car olub sellərin, Gəncəm, Gəncəm, hey!..
Keşiş ağlar qoydu Zəhra ananı!
Soldurdu, saraltdı о Natəvanı!
Əslin köçüb getdi, Kərəmin hanı?
Danışsın dillərin, Gəncəm, Gəncəm, hey!..
Düşmənim, inşallah, hər vaxt xar olar!
Gen dünya başına daim dar olar!
Necə ki sən varsan, Vətən var olar!
Var olsun ellərin, Goncəm, Gəncəm, hey!..