Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana

Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana
Müəllif: Məhəmməd Füzuli


Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana,
Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana!

Saxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et
Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana.

Çareyi-behbudimi sordum müalicdən, dedi:
Dərd, dərdi-eşqdir, mümkün deyil sihhət sana.

Tutaram yarın qiyamətdə, həbibim, damənin,
Məstsən qəflət şərabından, bu gün möhlət sana.

Əhli-eşqi atəşi-hicranə eylərsən kəbab,
Dönə-dönə imtihan etdim, budur adət sana.

İncidir naləm səni, vəh nola gər bir tiğ ilə
Çeşmi-cəlladın edə ehsan mənə, minnət sana.

Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz,
Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana?